Məktəbliyə qarşı zorakılıq edən şəxslərə ağır cəzalar verilib
Banqladeşdə məhkəmə 14 yaşlı məktəbli qıza qarşı zorakılıq etməkdə təqsirləndirilən altı nəfər barəsində hökm çıxarıb.
Crossmedia.az xəbər verir ki, "Jago News24" bu barədə məlumat yayıb.
Məlumata görə, hadisə 2011-ci ildə baş versə də, iş üzrə məhkəmə qərarı yalnız indi elan olunub. İstintaqın versiyasına əsasən, təqsirləndirilən şəxslər azyaşlını oğurlayaraq ona qarşı cinsi zorakılıq ediblər.
Bildirilib ki, zərərçəkənin atası hadisədən bir neçə gün sonra hüquq-mühafizə orqanlarına müraciət etsə də, məhkəmə prosesi 15 il davam edib. Gecikmənin səbəbi açıqlanmayıb.
Məhkəmə bütün altı nəfəri təqsirli bilib. Onlardan üçü ömürlük azadlıqdan məhrum edilib, digər üç nəfərə isə ölüm hökmü çıxarılıb.
Bundan əlavə, məhkumların cərimə ödəməsinə qərar verilib. Cərimə məbləği ödənilmədiyi təqdirdə onların əmlakının hərraca çıxarılmasına icazə verilib.
Qeyd olunub ki, məhkəmə iclasında təqsirləndirilənlərdən beşi iştirak edib. Bir nəfər isə istintaqdan yayındığı üçün onun barəsində hökm qiyabi qaydada çıxarılıb.
23:49 19.07.2026
Oxunuş sayı: 70