NATO-nun Ukraynaya 140 milyard avroluq vədi təhlükə altındadır
NATO-nun Ukraynaya iki il ərzində 140 milyard avro həcmində yardım göstərilməsi ilə bağlı öhdəliyini yerinə yetirə bilməyəcəyi ehtimal olunur.
Crossmedia.az xəbər verir ki, İsveçrənin ˝Neue Zürcher Zeitung˝ (NZZ) qəzeti yazır ki, 2026-cı ildə Ukraynaya 70 milyard avro yardım ayrılması və 2027-ci ildə də eyni həcmdə dəstəyin davam etdirilməsi hələ də sual altındadır.
Kiel Dünya İqtisadiyyatı İnstitutunun hesablamalarına əsasən, 2026-cı ilin ilk dörd ayında Avropa ölkələri Ukraynaya təxminən 10 milyard avro dəyərində hərbi yardım göstərib. Mövcud temp davam edərsə, ilin sonuna qədər bu məbləğin təxminən 30 milyard avroya çatacağı, halbuki hədəfin 40 milyard avro olduğu bildirilir.
˝NZZ˝ qeyd edir ki, hazırda əsas yük Almaniya, Böyük Britaniya və Şimali Avropa ölkələrinin üzərinə düşür. Fransa, İtaliya və İspaniyanın isə yardım tempinə görə geridə qaldığı vurğulanır.
Qəzet həmçinin xatırladır ki, Ukraynaya genişmiqyaslı müharibənin əvvəlindən Avropa ölkələri və Aİ institutları tərəfindən vəd edilən təxminən 400 milyard avroluq yardımın yalnız 180 milyard avroya yaxını aprelin sonuna qədər faktiki olaraq təqdim edilib.
23:18 18.07.2026
Oxunuş sayı: 84