İspaniyanın sabiq dünya çempionuna ABŞ vizası verilməyib
2010-cu ildə İspaniya millisinin heyətində futbol üzrə dünya çempionu olmuş Joan Kapdevila ABŞ vizası ala bilmədiyi üçün İspaniya–Argentina arasında keçiriləcək DÇ-2026 finalına qatıla bilməyəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Kapdevila bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Sabiq futbolçu bildirib ki, 2010-cu il dünya çempionu komanda yoldaşları ilə birlikdə finalı stadiondan izləməyi və hazırkı İspaniya millisinə dəstək verməyi çox istəyirdi.
"Siz təsəvvür belə edə bilməzsiniz ki, 2010-cu il komanda yoldaşlarımla birlikdə orada olmağı və hazırkı heyəti dəstəkləməyi nə qədər istəyirdim", – deyə Kapdevila yazıb.
O, paylaşımında ABŞ Prezidenti Donald Trampa da müraciət edərək bu məsələdə kömək istəyib.
Qeyd edək ki, İspaniya–Argentina arasında DÇ-2026-nın final oyunu iyulun 19-da ABŞ-nin İst-Raterford şəhərində yerləşən "MetLife" stadionunda keçiriləcək. Turnir iyunun 11-də ABŞ, Meksika və Kanadada start götürüb və tarixdə ilk dəfə 48 milli komandanın iştirakı ilə təşkil olunub.
09:56 19.07.2026
Oxunuş sayı: 74