Rusiya 2013-cü ildən bəri ilk dəfə Aralıq dənizində hərbi gəmisiz qalıb
Rusiya 2013-cü ildən bəri ilk dəfə Aralıq dənizində heç bir hərbi gəmi saxlamır. Bu vəziyyət iyulun 1-də qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, "Russian Forces Spotter" bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, bunun əsas səbəblərindən biri Türkiyənin Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra Montrö Konvensiyasının müddəalarına uyğun olaraq Bosfor və Dardanel boğazlarını döyüş əməliyyatlarında iştirak edən ölkələrin hərbi gəmiləri üçün bağlaması olub. Bu qərar Rusiyanın Qara dəniz donanmasının gəmilərini Qara dəniz və Aralıq dənizi arasında mütəmadi şəkildə hərəkət etdirmək imkanını məhdudlaşdırıb.
Bildirilir ki, digər mühüm amil Suriyada 2024-cü ilin sonlarında baş verən siyasi dəyişikliklərdir. Hakimiyyət dəyişikliyindən sonra Rusiya uzun illər Aralıq dənizində əsas dayaq məntəqəsi olan Tartusdakı maddi-texniki təminat bazasından əvvəlki kimi istifadə imkanlarını itirib.
Məlumata əsasən, Rusiya donanmasının bir hissəsi də digər istiqamətlərə göndərilib. Hazırda bəzi gəmilər Şimali Avropada, o cümlədən Böyük Britaniya sahilləri yaxınlığında dövlət və xüsusi təyinatlı Rusiya gəmilərini müşayiət edir.
Qeyd olunur ki, Rusiya donanmasının Aralıq dənizində son fəaliyyəti iyun ayında müşahidə olunub. İyunun 4-də "Admiral Kasatonov" freqatı və "Akademik Paşin" tankerinin Suriyanın Tartus limanında olduğu qeydə alınıb. Gəmilər iyunun 12-də Misirin İsgəndəriyyə limanına, iyunun 22-də isə Əlcəzairin Oran limanına daxil olduqdan sonra Aralıq dənizini tərk ediblər.
Ekspertlər hesab edirlər ki, bu vəziyyət daimi olmayacaq. Onların fikrincə, Aralıq dənizi Rusiya donanmasının Dünya okeanına çıxışı üçün strateji əhəmiyyət daşıdığından Moskva gələcəkdə hərbi gəmilərini yerləşdirmək üçün yeni baza axtaracaq. Mümkün variantlardan biri kimi Sudanın Qırmızı dəniz sahilində hərbi-dəniz bazasının yaradılması göstərilir.
13:13 18.07.2026
Oxunuş sayı: 53