KİV: Ukrayna müharibəni pilotsuz sistemlərlə aparmağa üstünlük verir
Ukrayna Rusiya ilə müharibədə pilotsuz uçuş aparatları, yerüstü robotlar və avtonom sistemlərin istehsalını sürətləndirərək döyüş taktikasını yeni texnologiyalar üzərində qurur. Ekspertlərin fikrincə, müharibə getdikcə daha çox pilotsuz sistemlərin qarşıdurmasına çevrilir.
Crossmedia.az xəbər verir ki, "Business Insider" bu barədə məqalə yayıb.
Nəşrin yazdığına görə, Ukrayna ordusu, kəşfiyyat xidmətləri və müdafiə sənayesi yeni silah növlərinin hazırlanmasını fəal şəkildə davam etdirir. Hazırda ölkədə istehsal olunan hərbi texnikanın əhəmiyyətli hissəsini ənənəvi tank və artilleriya deyil, pilotsuz uçuş aparatları, robotlar və digər avtonom platformalar təşkil edir.
Məqalədə bildirilir ki, şəxsi heyət baxımından Rusiyadan geri qalan Ukrayna canlı qüvvə çatışmazlığını kompensasiya etmək və əsgərləri ön xətdən uzaq saxlamaq üçün getdikcə daha çox pilotsuz və robotlaşdırılmış sistemlərə üstünlük verir.
Qeyd olunur ki, bu sistemlər hazırda sursat və təchizatın daşınması, şəhərlərin müdafiəsi, kəşfiyyat aparılması, hədəflərin aşkarlanması və məhv edilməsi kimi müxtəlif tapşırıqları yerinə yetirir.
Nəşrin məlumatına əsasən, jurnalistlər Ukraynada yeni nəsil robotlaşdırılmış silahların hazırlandığı zavodlara, təlim mərkəzlərinə və sınaq poliqonlarına baş çəkiblər. Bildirilir ki, 2025-ci ildə əsas diqqət optik lif kabeli vasitəsilə idarə olunan FPV pilotsuz aparatlarının istehsalına yönəldilsə də, hazırda prioritet yerüstü robot sistemləri və pilotsuz aparatları məhv etmək üçün nəzərdə tutulmuş dronların hazırlanmasına verilir.
Məqalədə vurğulanır ki, Ukrayna müdafiə sənayesi tədricən ayrı-ayrı pilotsuz aparatlardan kəşfiyyat, zərbə, hədəflərin ələ keçirilməsi və logistika funksiyalarını yerinə yetirə bilən, süni intellekt elementlərindən istifadə edən avtonom pilotsuz sistemlər şəbəkəsinə keçir.
Nəşr qeyd edir ki, pilotsuz texnologiyaların sürətli inkişafı müasir müharibələrin aparılma üsullarını köklü şəkildə dəyişir.
Bundan əvvəl NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin Ali Baş Komandanının müavini Conni Strinqer 2026-cı ildə Ukraynanın 5 milyondan çox pilotsuz uçuş aparatı istehsal edəcəyini bildirmişdi. O qeyd edib ki, Ukrayna hazırda Rusiyanın genişmiqyaslı işğalının ilk dövrü ilə müqayisədə min dəfə çox PUA istehsal edir və NATO bu təcrübədən nəticə çıxarmalıdır.
13:06 18.07.2026
Oxunuş sayı: 53