Kosmik hava gözləniləndən daha təhlükəlidir – alimlər yeni nəticələri açıqladı
Alimlər müəyyən ediblər ki, ən güclü Günəş fırtınaları Yer üçün indiyədək hesab ediləndən daha ciddi təhlükə yarada bilər. Yeni araşdırma ekstremal kosmik hava hadisələrinin peyklərə, rabitə sistemlərinə və elektrik şəbəkələrinə təsirinin əslində olduğundan aşağı qiymətləndirildiyini göstərir.
Crossmedia.az xəbər verir ki, bu barədə Space.com yazıb. Bildirilir ki, Günəşdə baş verən güclü alışmalar və tac kütlə atılmaları nəticəsində yaranan yüklü hissəcik axınları Yerə çataraq geomaqnit fırtınalarına səbəb olur. Bu hadisələr qütb parıltıları ilə yanaşı, GPS, radioəlaqə, peyklər və enerji infrastrukturunun fəaliyyətini poza bilər.
NASA-nın Yer yaxınlığında fəaliyyət göstərən kosmik aparatlarının bir milyondan çox ölçmə nəticəsini təhlil edən tədqiqatçılar müəyyən ediblər ki, Günəş küləyinin gücü artdıqca atmosferin yuxarı qatlarında yaranan elektrik cərəyanları da güclənməkdə davam edir. Bu isə o deməkdir ki, fövqəlgüclü geomaqnit fırtınaları əvvəlki modellərin proqnozlaşdırdığından daha ağır nəticələrə səbəb ola bilər.
Tədqiqatın həmmüəllifi, Lankaster Universitetinin alimi Mariya Valax bildirib ki, Yerin maqnit sahəsi planeti kosmik hava hadisələrinin əksəriyyətindən qoruyur. Lakin təxminən min ildə bir dəfə baş verən son dərəcə nadir hadisələr daha ciddi fəsadlara yol aça bilər və bu cür hadisələr barədə məlumatların azlığı risklərin tam qiymətləndirilməsinə mane olur.
Alimlər vurğulayırlar ki, araşdırma yaxın vaxtlarda belə bir fəlakətli Günəş fırtınasının baş verəcəyini göstərmir. Bununla belə, bəşəriyyətin peyk texnologiyalarından və elektrik şəbəkələrindən asılılığının artdığı bir dövrdə mövcud risk qiymətləndirmələrinin yenidən nəzərdən keçirilməsi vacib hesab olunur. Hazırda Günəş özünün 11 illik aktivlik dövrünün maksimum mərhələsinə yaxın olduğundan alışmalar və geomaqnit fırtınaları daha tez-tez müşahidə edilir.
Tarixdə bununla bağlı bir neçə nümunə də var. 1859-cu ildə baş verən Kerrinqton hadisəsi dünya üzrə teleqraf şəbəkələrinin sıradan çıxmasına səbəb olmuş, qütb parıltıları hətta tropik enliklərdə müşahidə edilmişdi. 1989-cu ildə güclü geomaqnit fırtınası Kanadanın Kvebek əyalətində milyonlarla insanı işıqsız qoymuş, 2003-cü ildə isə "Hellouin fırtınaları" peyklərin, GPS sistemlərinin və radioəlaqənin işini pozmuşdu.
03:18 19.07.2026
Oxunuş sayı: 68