Rusiya səfiri: Niderland Ukrayna münaqişəsinə getdikcə daha çox cəlb olunur
Niderland hakimiyyətinin qəbul etdiyi qərarlar ölkənin Ukrayna münaqişəsinə getdikcə daha dərindən cəlb olunmasına səbəb olur. Bu fikri Rusiyanın Niderlanddakı səfiri Vladimir Tarabrin səsləndirib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Diplomat bildirib ki, Niderlandı artıq Ukrayna münaqişəsinin kənar müşahidəçisi hesab etmək çətindir.
"Qəbul etdiyi qərarlarla Haaqa ardıcıl şəkildə münaqişəyə öz cəlb olunmasını dərinləşdirir və onun daha da eskalasiyasına şərait yaradır", – deyə Tarabrin vurğulayıb.
Səfirin sözlərinə görə, Niderland hökuməti yanında fəaliyyət göstərən məsləhət şurasının Ukraynaya "beynəlxalq missiya" tərkibində hərbi kontingent göndərilməsi ilə bağlı tövsiyəsi xüsusi narahatlıq doğurur. O hesab edir ki, belə bir addım Avropanı qarşıdurmanın keyfiyyətcə yeni mərhələsinə keçirə və qitənin təhlükəsizliyi üçün proqnozlaşdırılması çətin olan nəticələrə səbəb ola bilər.
Vladimir Tarabrin Niderland rəhbərliyini və digər Avropa siyasətçilərini bu cür ssenarilərdən çəkinməyə çağıraraq, belə qərarların mümkün nəticələrini ayıq şəkildə qiymətləndirməyə və onların həqiqətən milli maraqlara uyğun olub-olmadığını düşünməyə səsləyib.
Qeyd edək ki, iyulun 2-də Niderland hökuməti yanında fəaliyyət göstərən Məsləhət Şurası atəşkəs razılaşmasından sonra Ukraynada yaradılması mümkün olan beynəlxalq missiyada ölkənin aktiv siyasi və hərbi iştirakını tövsiyə edib. Sənəddə Haaqanın həm siyasi rəhbərlikdə təmsil olunması, həm də hərbi kontingent ayırması təklif edilir.
12:21 18.07.2026
Oxunuş sayı: 56