Repetitorluq fəaliyyətinin azalacağı gözlənilir
2026–2027-ci tədris ilindən etibarən Bakıdakı bir sıra məktəblərdə X–XI siniflər üçün yeni təmayül tədris modelinin tətbiqinə başlanılacaq. Yeni modelin əsas məqsədi şagirdlərin seçdikləri istiqamətlər üzrə daha dərin bilik əldə etməsinə, ali məktəblərə hazırlığın məktəb daxilində daha səmərəli təşkilinə və repetitor asılılığının azaldılmasına nail olmaqdır.
Crossmedia.az-a açıqlama verən təhsil eksperti Əzizə Fətullayeva hesab edir ki, bu islahat Azərbaycan təhsil sistemi üçün mühüm dönüş nöqtələrindən biri ola bilər: "Yeni model dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan fərdiləşdirilmiş təhsil yanaşmasına əsaslanır və şagirdlərin maraq və bacarıqlarına uyğun istiqamətlər üzrə daha keyfiyyətli təhsil almasına imkan yaradır. Hazırda yuxarı sinif şagirdləri məktəb dərsləri ilə repetitor hazırlığı arasında gərgin rejimdə yaşayırlar. Yeni model məktəbdaxili tədrisin keyfiyyətini yüksəldə bilsə, repetitor asılılığını azaldacaq, şagirdlərin vaxtını daha səmərəli idarə etməsinə və qəbul imtahanlarına sistemli hazırlaşmasına şərait yaradacaq".

Ekspert əlavə edib ki, təmayülləşmə şagirdlərin gələcək peşə seçiminə daha şüurlu yanaşmasına da kömək edəcək: Bununla yanaşı, şagirdlərin təmayül istiqamətlərinə yönləndirilməsi tələsik aparılmamalı, əvvəlcə peşəyönümü üzrə psixoloji qiymətləndirmələr, seminarlar və təlimlər keçirilməlidir: "Modelin uğuru yalnız ideyanın düzgün olmasından deyil, həm də icra keyfiyyətindən asılıdır. Bunun üçün ixtisaslaşmış müəllimlərin cəlb olunması, tədrisin davamlı monitorinqi və bütün məktəblərdə eyni keyfiyyət standartlarının təmin edilməsi vacib şərtlərdir. Düzgün tətbiq olunacağı təqdirdə yeni təmayül tədris modelinin həm şagirdlərin stressinin azalmasına, həm də əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların yetişməsinə mühüm töhfə verəcəyi bildirilir".
Zeynəb Həsən
15:40 18.07.2026
Oxunuş sayı: 93