Kondisionerdən necə daha qənaətlə istifadə etmək olar? - Yay üçün tövsiyələr
İsti havalarda kondisionerin düzgün rejimdə işlədilməsi və uyğun istifadə qaydaları həm elektrik sərfiyyatını azaltmağa, həm də otaqda daha rahat temperatur yaratmağa kömək edə bilər.
Crossmedia.az xəbər verir ki, "UNIAN" bu barədə kondisioner sistemləri üzrə mütəxəssis Aleksey Jabinə istinadən məlumat yayıb.
Mütəxəssisin sözlərinə görə, kondisionerlər ən az elektrik enerjisini adətən ECO rejimində sərf edir. Bəzi modellərdə bu funksiyanı SLEEP (gecə) rejimi yerinə yetirir.
Onun sözlərinə görə, bu rejimdə cihaz minimum yüklə işlədiyi üçün ümumi enerji sərfiyyatı da azalır.
Aleksey Jabin bildirib ki, kondisionerin gün ərzində fasiləsiz işləməsi mütləq daha çox enerji sərfiyyatı demək deyil. O izah edib ki, cihazın əsas funksiyası otağı soyutmaq deyil, istiliyi çölə ötürməkdir və bu prosesdə əsas yük kompressorun üzərinə düşür.
Mütəxəssis qeyd edib ki, kondisioner gün ərzində işlədikdə kompressor yalnız otaqda temperatur yüksəldiyi zaman qısa müddətə işə düşür. Əksinə, gün ərzində işləməyən cihaz axşam saatlarında həddindən artıq isinmiş otağı soyutmaq üçün uzun müddət fasiləsiz işləməli olur ki, bu da enerji sərfiyyatını artırır.
Onun sözlərinə görə, kondisionerin vaxtaşırı söndürülüb-yandırılması cihazın sıradan çıxmasına birbaşa təsir etmir.
"Nasazlıq ehtimalı istifadə üsulundan deyil, əsasən cihazın keyfiyyətindən asılıdır", – deyə o bildirib.
Ekspert əlavə edib ki, müasir kondisionerlər R32 soyuducu qazı və inverter texnologiyası sayəsində əvvəlki nəsil modellərlə müqayisədə daha qənaətlidir. Lakin enerji sərfiyyatındakı fərq adətən 10–20 faizdən artıq olmur.
Aleksey Jabin mənzildə yalnız bir kondisioner olduğu halda onu daha səmərəli istifadə etməyin yolunu da açıqlayıb. O, daxili blokun hava axınını qapıya və ya dəhlizə yönəltməyi, daha sonra isə soyuq havanı digər otaqlara paylamaq üçün kiçik döşəmə ventilyatorundan istifadə etməyi tövsiyə edib.
Mütəxəssisin sözlərinə görə, bu üsul daha ağır olan soyuq havanın mənzilin digər hissələrinə yayılmasını asanlaşdırır və kondisionerin işini daha effektiv edir.
02:31 19.07.2026
Oxunuş sayı: 66