Forumda səsləndirilən mesajlar Azərbaycanın gələcək inkişaf prioritetlərini də aydın şəkildə ortaya qoydu
Bu gün Azərbaycanın mədəni paytaxtı Şuşada “Medianın sülhün təbliğində missiyası: həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda 4-cü Şuşa Qlobal Media Forumu keçirilir. Prezident İlham Əliyevin iştirakı ilə açılan forum 53 ölkədən 160-dan çox media nümayəndəsi, ekspert və rəsmi şəxsi, o cümlədən 30 xəbər agentliyi və 60 media qurumunu bir araya gətirib. Bu nüfuzlu beynəlxalq platforma müasir medianın ən aktual çağırışlarını – dezinformasiyaya qarşı mübarizəni, süni intellektin etik çərçivələrini, sülhün qurulmasında medianın rolunu və beynəlxalq etimadın bərpasını müzakirə etmək üçün geniş imkan yaradır. Şuşa Qlobal Media Forumu artıq ənənəvi hal almış, regionda və qlobal miqyasda medianın inkişafı, həqiqətin müdafiəsi və sülh təbliğatı məsələlərində Azərbaycanın önəmli rolunu vurğulayan mötəbər platformaya çevrilib. Zəfər şəhəri Şuşada keçirilən bu tədbir həm də Azərbaycanın multikultural dəyərlərini, yenidən qurulan Qarabağın simvolu kimi beynəlxalq ictimaiyyətə təqdim edir.
Keçirilən forumun əhəmiyyəti ilə bağlı Milli Məclisin deputatı Rövşən Muradov Crossmedia.az-a açıqlama verib:
"IV Şuşa Qlobal Media Forumu göstərdi ki, müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu artıq yalnız iqtisadi və ya hərbi potensialla ölçülmür. Qlobal dialoqa ev sahibliyi etmək, fərqli siyasi baxışları eyni platformada birləşdirmək və etibarlı müzakirə mühiti yaratmaq da strateji gücün mühüm göstəricisinə çevrilib. Bu baxımdan Şuşa artıq təkcə tarixi şəhər deyil, Azərbaycanın beynəlxalq nüfuzunu və qlobal dialoq təşəbbüslərini ifadə edən siyasi platformadır. Şuşa Qlobal Media Forumu son illərdə Azərbaycanda keçirilən COP29, Bakı Enerji Həftəsi, Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində təşkil olunan yüksəksəviyyəli tədbirlərlə eyni strateji xəttin davamıdır. Bu ardıcıllıq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və balanslaşdırılmış xarici siyasətin, ölkədəki siyasi sabitliyin və beynəlxalq etimadın real nəticəsidir. Azərbaycan artıq beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə olmaqdan daha irəli gedərək, qlobal gündəliyin müzakirə olunduğu etibarlı siyasi platformaya çevrilir. Forumda səsləndirilən mesajlar Azərbaycanın gələcək inkişaf prioritetlərini də aydın şəkildə ortaya qoydu. Şərqlə Qərb, Şimalla Cənub arasında formalaşan əməkdaşlıq modeli, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və çoxtərəfli tərəfdaşlıq ölkəmizin Avrasiyanın geoiqtisadi xəritəsində mövqeyini gücləndirir. Hazırda 16 ölkəyə təbii qaz ixrac edən Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi çıxış edir. Orta Dəhlizin inkişafı, Şimal–Cənub nəqliyyat marşrutu və perspektivdə Zəngəzur dəhlizinin açılması isə ölkəmizin tranzit imkanlarını daha da genişləndirərək geosiyasi əhəmiyyətini artıracaq".

Deputat qeyd edib ki, bu strateji üstünlüklər investisiya mühitinə də birbaşa təsir göstərir: "Siyasi sabitlik, proqnozlaşdırıla bilən iqtisadi siyasət, müasir infrastruktur və genişlənən beynəlxalq tərəfdaşlıq Azərbaycanın regionun ən cəlbedici investisiya məkanlarından biri kimi mövqeyini möhkəmləndirir. ABŞ, Avropa İttifaqı, Mərkəzi Asiya və türk dünyası ilə inkişaf edən əməkdaşlıq ölkəmizin çoxtərəfli diplomatiyasının praktik nəticələrini nümayiş etdirir. IV Şuşa Qlobal Media Forumu bir daha təsdiqlədi ki, Azərbaycanın beynəlxalq rolu artıq yalnız enerji resursları və əlverişli coğrafi mövqe ilə məhdudlaşmır. Ölkəmiz etibarlı tərəfdaş, qlobal dialoq platforması, strateji tranzit qovşağı və beynəlxalq əməkdaşlığın təşəbbüskarlarından biri kimi yeni inkişaf mərhələsinə yüksəlir. Şuşadan verilən əsas mesaj da budur: qarşılıqlı etimada əsaslanan əməkdaşlıq və açıq dialoq gələcəyin beynəlxalq münasibətlər sisteminin əsas dayaqlarıdır və Azərbaycan bu prosesdə fəal iştirak edən dövlətlər sırasında mövqeyini ardıcıl şəkildə möhkəmləndirir".
Ayhan
11:50 13.07.2026
Oxunuş sayı: 112