Qatarlara süni intellekt quraşdırılacaq
Almaniyanın aparıcı dəmir yolu operatoru "Deutsche Bahn" sərnişin məlumatlandırmasını yaxşılaşdırmaq məqsədilə 50 milyon avro həcmində süni intellekt və rəqəmsal həllərə sərmayə qoymaq qərarı qəbul edib. Bu investisiya qatarların gecikmələri ilə bağlı daha dəqiq və operativ məlumat verilməsi, stansiyalarda yeni displeylərin quraşdırılması və AI əsaslı proqnozlaşdırma sistemlərinin inkişafı üçün nəzərdə tutulur. "Deutsche Bahn" bu addımla sərnişinlərin narazılığını azaltmaq və xidmət keyfiyyətini yüksəltmək istəyir. Azərbaycanda da dəmir yolu və metro sistemlərində süni intellekt texnologiyalarının tətbiqini sürətləndirməyin vaxtı çatıb. Əsas məqsəd texnologiyanın özü deyil, sərnişinlərə daha keyfiyyətli, təhlükəsiz və operativ xidmət göstərməkdir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev qeyd edib ki, Azərbaycanda da dəmir yolu və metro sistemində süni intellekt texnologiyalarının tətbiqini sürətləndirməyin vaxtı çatıb: "Amma əsas məqsəd texnologiyanın özü deyil, sərnişinlərə daha keyfiyyətli, təhlükəsiz və operativ xidmət göstərmək olmalıdır. Almaniyanın "Deutsche Bahn" şirkətinin 50 milyon avro həcmində süni intellekt və müasir İT həllərinə sərmayə yatırmaq qərarı göstərir ki, dünyanın aparıcı dəmir yolu operatorları artıq rəqəmsal idarəetməyə üstünlük verirlər".

Ekspert əlavə edib ki, Azərbaycanda da süni intellekt metro və dəmir yolunda qatarların hərəkətinin real vaxt rejimində proqnozlaşdırılması, gecikmələr və platforma dəyişiklikləri barədə sərnişinlərin əvvəlcədən məlumatlandırılması, pik saatlarda sərnişin axınının təhlil edilərək əlavə qatar və vaqonların xəttə buraxılması, qatarların və infrastrukturun texniki vəziyyətinin izlənilməsi, nasazlıqların baş verməzdən əvvəl aşkarlanması, eləcə də çoxdilli məlumatlandırma sistemləri, virtual köməkçilər və çatbotların yaradılması kimi istiqamətlərdə mühüm üstünlüklər yarada bilər: "Bununla belə, nəzərə almaq lazımdır ki, süni intellekt gecikmələri aradan qaldıran vasitə deyil. Onun əsas üstünlüyü sərnişinlərə daha dəqiq, operativ və etibarlı məlumat təqdim etmək, eyni zamanda nəqliyyatın idarə edilməsini daha səmərəli təşkil etməkdir. Əgər infrastruktur və əməliyyat prosesləri müasir tələblərə uyğun inkişaf etdirilməzsə, təkcə süni intellekt bütün problemləri həll edə bilməz. Buna görə də texnologiyaların tətbiqi infrastrukturun modernləşdirilməsi ilə paralel həyata keçirilməlidir. Nəticə etibarilə, Azərbaycanda həm dəmir yolu, həm də metro sistemində süni intellekt texnologiyalarının mərhələli şəkildə tətbiqi artıq zərurətə çevrilib və bu, sərnişin məmnuniyyətinin yüksəlməsinə, təhlükəsizliyin güclənməsinə, resurslardan daha səmərəli istifadəyə və nəqliyyatın ümumi idarəetmə keyfiyyətinin artırılmasına mühüm töhfə verə bilər".
Ayhan
15:30 09.07.2026
Oxunuş sayı: 58