Bakavrların magistraturaya qəbul olma şansı xeyli arta bilər
Magistratura imtahanlarının bütün mərhələləri geridə qaldıqdan sonra, indi diqqətlər Dövlət İmtahan Mərkəzinin (DİM) açıqlayacağı ümumi statistikaya yönəlib. Bakalavrların gələcək ixtisas seçimini formalaşdıracaq bu rəsmi rəqəmlər, builki qəbul kampaniyasının əsas yol xəritəsi olacaq. İmtahanların yekunlaşmasına baxmayaraq, apelyasiya müraciətləri və qabiliyyət sınaqlarının davam etməsi strateji seçim mərhələsinin iyul ayının sonlarına doğru başlayacağından xəbər verir.

Təhsil eksperti Ramin Nurəliyev Crossmedia.az-a bu barədə açıqlama verib: "Magistratura imtahanı ilə bağlı, təbii ki, DİM bütün imtahan proseslərini yekunlaşdıqdan sonra ümumi statistika elan olunur. Bakalavrlar da magistratura ixtisas seçimlərini, əsasən, məhz bu statistikaya uyğun olaraq həyata keçirirlər. Bildiyiniz kimi, hazırda magistratura imtahanının ümumi olaraq üçüncü cəhdi yekunlaşıb. Lakin həm apelyasiya müraciətləri, eləcə də xüsusi qabiliyyət tələb edən ixtisaslara sənəd qəbulu hələ bitməyib. Böyük ehtimal ki, bu proseslər tam başa çatdıqdan sonra seçim mərhələsinə start veriləcək. Bu da təxminən iyul ayının sonlarına doğru-yəni 15-i, 20-sindən sonraya təsadüf edə bilər.
Ümumi analiz etdiyimiz təqdirdə, magistratura imtahanlarında sualların aşağı-yuxarı bir-birinə uyğun olması, yəni bütün cəhdlərdə sual səviyyəsinin eyni formada qalması-nə həddindən artıq çətin, nə də çox asan olması-müsabiqənin əvvəlki illərlə eyni vəziyyətdə keçəcəyini ehtimal etməyə əsas verir. Amma, əlbəttə ki, bu, hələ dəqiq proqnoz deyil. Niyə dəqiq proqnoz deyil? Çünki rəsmi statistika hələ elan olunmayıb, bu dediklərimiz sadəcə bir ehtimaldır".
O bildirib ki, , əsas məsələ plan yerləri və müsabiqə şərtlərini ödəyən bakalavrların sayı ilə bağlı olacaq: "Xüsusilə də 17 min ətrafında olan plan yerinə müsabiqə şərtini ödəyən neçə bakalavrın iddia etməsi burada çox şeyi dəyişəcək. Əgər müsabiqə şərtlərini ödəyən bakalavrların sayı plan yerlərindən, yəni 17 mindən az olarsa, bu, imtahanda iştirak edənlər üçün müəyyən bir rahatlıq yaradacaq. Çünki belə olan halda müsabiqə şərtlərini ödəyən əksər bakalavrların qəbul olma şansı xeyli artacaq.
Təbii ki, bu vəziyyət ixtisaslara görə də dəyişir. Çünki bəzi ixtisaslarda, xüsusilə də dəqiq fənlərdə və kompüteryönümlü sahələrdə bakalavrlar daha yüksək nəticə göstərdiyi üçün keçid balları yüksək formalaşır və mübarizə çox gərgin keçir. Bu ixtisaslarda balların düşəcəyi qətiyyən ehtimal olunmur. Amma bəzi digər ixtisaslarda müsabiqənin daha rahat keçəcəyi gözlənilir. Çünki həmin sahələrdə balların keçmiş illərlə aşağı-yuxarı eyni səviyyədə qalması, istər-istəməz bakalavrların daha rahat qəbul olmasına gətirib çıxara bilər.
Əlbəttə, bütün bu mülahizələri statistika tam elan olunduqdan sonra daha rahat və dəqiq şəkildə söyləmək mümkün olacaq. Hələ ki, biz mövcud vəziyyəti sadəcə ehtimallarla qiymətləndirir və fikrimizi ifadə edirik".
Turqut Ansari
16:06 04.07.2026
Oxunuş sayı: 59