Mərkəzi Elmi Kitabxana Rəyasət Heyətinə yarımillik hesabatını təqdim edib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Rəyasət Heyəti qarşısında 2026-cı ilin birinci yarımilliyi üzrə elmi və təşkilati fəaliyyətin yekunlarına həsr olunan hesabatı dinlənilib.
Crossmedia.az xəbər verir ki, hesabatda AMEA prezidentinin sərəncamına əsasən Rəyasət Heyəti aparatının Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov və şöbənin baş mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru Tuncay Həbibbəyli iştirak ediblər.
İclasının əvvəlində MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov kitabxana əməkdaşı Lalə Məmmədovanı 50 illik yubileyi münasibətilə təbrik edərək, ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb və MEK-in Təşəkkürnaməsini təqdim edib. Daha sonra direktor onu da qeyd edib ki, MEK-in Kitabxana resurslarının rəqəmsallaşdırılması və idarə edilməsi şöbəsinin müdiri vəzifəsi Rəqəmsal kitabxana və süni intellekt şöbəsinin baş mütəxəssisi, riyaziyyat üzrə fəlsəfə doktoru Azad Qurbanova həvalə olunub.
Hesabatı təqdim edən MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov cari ilin birinci yarısında da kitabxananın fəaliyyətinin əsas istiqamətlərinin fondların komplektləşdirilməsi və rəqəmsallaşdırılması, süni intellektin kitabxanada tətbiqi, oxuculara informasiya xidmətinin göstərilməsi, elmi tədqiqatların informasiya təminatı, rəqəmsal texnologiyaların tətbiqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, eləcə də elmi və mədəni- kütləvi tədbirlərin təşkili olduğunu bildirib.
MEK-in direktoru Azərbaycan Respublikasi Prezidentinin sərəncamlarının və AMEA Rəyasət Heyətinin qərarlarının icrası çərçivəsində kitabxananın fəaliyyətini diqqətə çatdırıb. O, vurğulayıb ki, kitabxana tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” və Birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illiyi çərçivəsində, eləcə də böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin 900 illik, Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyləri münasibətilə ənənəvi və virtual kitab sərgiləri hazırlanıb, biblioqrafik materiallar tərtib olunub, elektron məlumat bazası oxucuların istifadəsinə verilib.
MEK-in yenilikləri və islahatlarından danışan H.Hüseynov 2026-cı ilin birinci yarısında Mərkəzi Elmi Kitabxanada rəqəmsal transformasiya və innovativ texnologiyaların tətbiqi istiqamətində mühüm institusional yeniliklərin həyata keçirildiyini diqqətə çatdırıb. Kitabxana xidmətlərinin rəqəmsallaşdırılması, süni intellekt texnologiyalarının tətbiqi və innovativ informasiya xidmətlərinin inkişafı məqsədilə yeni Rəqəmsal Kitabxana və Süni İntellekt şöbəsinin yaradıldığını deyib. Bundan əlavə, görmə məhdudiyyətli istifadəçilərin informasiya resurslarından müstəqil şəkildə yararlanmasını təmin etmək məqsədilə inklüziv kitabxana xidməti istifadəyə verilib, elektron bazaya 250 adda audiotamaşa, 644 səsləndirilmiş şeir daxil edilib.
MEK rəhbəri onu da qeyd edib ki, kitabxanada elmi biliklərin təbliği, kitabxana-informasiya fəaliyyətinin inkişafı, elmi-mədəni irsin qorunması və gənclərin elmi mühitə inteqrasiyası istiqamətində müxtəlif elmi konfranslar, seminarlar, təqdimatlar, görüşlər və mədəni-kütləvi tədbirlər təşkil edilib. MEK-in təşkilatçılığı və əməkdaşlarının iştirakı ilə 45-dən artıq tədbir keçirilib.
Direktor onu da diqqətə çatdırıb ki, ilin birinci yarısı ərzində bir sıra beynəlxalq elmi-informasiya mərkəzləri, universitet kitabxanaları və mədəniyyət ocaqları ilə qarşılıqlı fəaliyyət və təcrübə mübadiləsinə əsaslanan əməkdaşlıq münasibətləri qurulub.
Həmçinin elektron kitabxana xidməti haqqında danışan H.Hüseynov yarımillik hesabatı dövründə e-kitabxanaya 20887 adda tammətnli, ümumilikdə isə proqram təminatının yaddaşına 645.572- dən artıq adda sənədin daxil edildiyini bildirib.
Sonda Hüseyn Hüseynov bildirib ki, Mərkəzi Elmi Kitabxanada müasir dövrün tələblərinə uyğun olaraq kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, fondların rəqəmsallaşdırılması və elektron xidmətlərin təşkili kompleks şəkildə həyata keçirilir, tətbiq olunan yeni texnoloji avadanlıqların sayəsində elektron kitabxana göstəriciləri sürətlə artır.
Daha sonra fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov təqdimatı uğurlu qiymətləndirərək kitabxananın maarifçilik fəaliyyətini yüksək dəyərləndirib.
O, oxucuların elmi informasiya ilə təmin olunması istiqamətində Mərkəzi Elmi Kitabxananın fəaliyyətini və burada yaradılmış şəraiti yüksək qiymətləndirərək, bu sahədə görülən işlərin səmərəli təşkil olunduğunu vurğulayıb. Bildirib ki, müasir kitabxana modelinin formalaşdırılması ölkəmizdə elmin və təhsilin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır və sevindirici haldır.
Kitabxananın texniki təminatı məsələlərinə də toxunan natiq bu istiqamətdə mövcud olan bəzi problemlər və onların həlli yolları ilə bağlı fikirlərini MEK əməkdaşları ilə bölüşüb.
15:46 03.07.2026
Oxunuş sayı: 68