Onlayn təhsil faydalı və effektivdir - ekspert
Pandemiya dövründən sonra onlayn təhsil həyatımızın ayrılmaz hissəsinə çevrilib və bu gün də aktuallığını qoruyur. Artıq minlərlə tələbə, abituriyent və müxtəlif sahələr üzrə biliklərini artırmaq istəyən insanlar hazırlıq dərslərinə və təlimlərə evdən çıxmadan telefon, planşet və ya noutbuk vasitəsilə qoşulurlar. Vaxta qənaət etməsi, məsafə məhdudiyyətini aradan qaldırması və seçim imkanlarını artırması onlayn təhsilin əsas üstünlükləri hesab olunur. Bununla yanaşı, bu təhsil formasının nə dərəcədə səmərəli olması ətrafında müzakirələr hələ də davam edir. Xüsusilə valideynlərin bir qismi hesab edir ki, onlayn dərslər zamanı şagird və ya tələbənin diqqəti daha tez yayınır, müəllimlə birbaşa ünsiyyətin olmaması isə dərsin keyfiyyətinə təsir göstərir. Digər tərəfdən isə bu təhsil modelini dəstəkləyənlər bildirirlər ki, əsas məsələ dərsin formatı deyil, öyrənən şəxsin məsuliyyəti və müəllimin təqdimat bacarığıdır.
Ingla School Baku-nun direktoru, təhsil eksperti Əzizə Fətullayeva bu barədə Crossmedia.az-a açıqlama verib. Onun sözlərinə görə, onlayn təhsil artıq günümüzün ayrılmaz hissəsinə çevrilib: "Bu xüsusilə koronavirus pandemiyasından sonra baş verdi. Əvvəllər də onlayn dərslər mövcud idi, lakin pandemiyadan sonra bu tədris forması insanların gündəlik həyatında tamamilə adi və əlçatan bir anlayışa çevrildi. Bu gün insanlar rahatlıqla “dərsə gələ bilmirəmsə, onlayn qoşula bilərəm” və ya “mərkəzdən uzaqda yaşayıram, onlayn dərsləriniz varmı?” kimi suallarla müraciət edirlər. Bu isə onlayn təhsilin həyatımızdakı rolunun artıq danılmaz olduğunu göstərir. Əgər onlayn təhsil bu gün qlobal mövzulardan biri kimi müzakirə olunursa, bu, onun həqiqətən də faydalı və effektiv bir təhsil modeli olduğunu göstərir. Müasir texnologiyalar sayəsində artıq dünyanın harasında olmağımızdan asılı olmayaraq, keyfiyyətli təhsilə çıxış əldə etmək mümkündür. Lakin məsələ abituriyentlərdən gedirsə, düşünürəm ki, onlayn təhsilə daha fərqli yanaşmaq lazımdır. Çünki abituriyentlərin əsas məqsədi universitetə qəbul olmaqdır və DİM imtahanlarına hazırlıq ciddi struktur, sistemli proqram və davamlılıq tələb edir. Bu prosesdə mövzular bir-biri ilə sıx əlaqəlidir. Hər hansı mövzunun tam mənimsənilməməsi və ya anlaşılmayan sualların vaxtında cavablandırılmaması sonrakı mövzuların öyrənilməsinə də təsir göstərə bilər".

Ekspert qeyd edib ki texniki amillər də nəzərə alınmalıdır: " Belə ki, internet bağlantısında yaranan problemlər, avadanlığın lazımi səviyyədə olmaması və ya dərs zamanı diqqətin yayınması tədrisin keyfiyyətinə mənfi təsir göstərə bilər. Xüsusilə qrup şəklində keçirilən onlayn dərslərdə şagird sayının və tədris olunan fənnin xüsusiyyətlərinin də nəzərə alınması vacibdir. Bu baxımdan, onlayn dərslərin məhsuldarlığı hər fənn və hər qrup üçün eyni olmaya bilər. Bununla belə, təcrübəmiz göstərir ki, onlayn dərslərdə iştirak edərək yüksək nəticələr əldə edən çoxlu sayda şagirdimiz var. Bu da onu göstərir ki, onlayn təhsilin uğuru ilk növbədə şagirdin öz məsuliyyətindən, motivasiyasından və öyrənmə vərdişlərindən asılıdır. Burada yaş faktoru da mühüm rol oynayır. Böyük yaş qrupuna aid tələbələr adətən məsuliyyətlərini daha yaxşı dərk edir, dərslərinə planlı şəkildə yanaşırlar. Buna görə də onlarla bağlı ciddi çətinliklər müşahidə olunmur. Kiçik yaş qrupunda isə vəziyyət bir qədər fərqlidir. Bu yaşda olan uşaqların dərs prosesinə məsuliyyətlə yanaşmaları üçün valideyn nəzarəti və intizamı olduqca vacibdir. Valideyn dəstəyi olduğu zaman uşaqlar dərslərdə daha fəal iştirak edir və daha uğurlu nəticələr əldə edirlər. Onlayn təhsil müasir dövrün tələblərinə cavab verən, əlçatan və effektiv təhsil formalarından biridir. Lakin onun səmərəliliyi şagirdin yaşı, məsuliyyət hissi, motivasiyası, texniki imkanları və valideyn dəstəyi kimi amillərdən birbaşa asılıdır. Düzgün yanaşma tətbiq edildiyi halda isə onlayn təhsil ənənəvi tədris qədər uğurlu nəticələr verə bilər".
Fatimə Məmmədova
18:30 03.07.2026
Oxunuş sayı: 70