GAİM gəncləri uğur qazanmağa davam edir
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində “Uğuru necə əldə edə bilərik?” mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarı gənc fəallar Zülfinaz Əliyeva və Zeynəb Nurməmmədova aparıblar.
İnteraktiv formatda keçirilən görüşdə iştirakçılar uğurun əldə olunmasında təhsilin rolu, məqsədlərin düzgün müəyyənləşdirilməsi, qarşıya çıxan çətinliklərin aradan qaldırılması yolları, eləcə də faydalı vərdişlərin formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparıb. Onlar, həmçinin şəxsi fikir və təcrübələrini bölüşərək mövzuya müxtəlif aspektlərdən yanaşıb, uğurun təsadüfi deyil, düzgün planlaşdırma, davamlı inkişaf, əzm və məqsədyönlü fəaliyyət nəticəsində əldə olunduğu vurğulayıblar.
Seminar, iştirakçılara şəxsi inkişaf, motivasiya və gələcək hədəflərinə çatmaq istiqamətində yeni baxışlar qazandırıb, onların öz potensiallarını daha effektiv şəkildə dəyərləndirmələrinə töhfə verib.
Bu günlərdə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin güləşçiləri də uğura imza atıb.
Paytaxt Tbilisidə Mamuka Sultanişvili adına İdman Arenasında Əməkdar məşqçi Quram Quladişvilinin xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə turnir keçirilib. Yarışda Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin güləşçiləri müsbət nəticələr qazanıblar.
Turnirin yekunlarına əsasən, GAİM-in yetirməsi Ömər Mursaqulov bütün rəqiblərini geridə qoyaraq birinci yerə layiq görülüb. Digər təmsilçimiz Cəsur Mustafayev isə üçüncü yeri tutaraq turniri bürünc medalla başa vurub.
Qaliblər diplom, medal və pul mükafatı ilə təltif ediliblər.
Qeyd edək ki, GAİM-i bu günə kimi müxtəlif yarışlarda təmsil edən idmançılar dəfələrlə parlaq qələbələr qazanıb, medallara və mükafatlara layiq görülüblər.
10:32 01.07.2026
Oxunuş sayı: 19