Molekulyar Biologiya İnstitutunda akademik Cəlal Əliyevin elmi irsindən danışılıb
Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunda akademik Cəlal Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Bu barədə Crossmedia.az-a institutdan məlumat verilib.
Tədbirdə Molekulyar Biologiya İnstitutunun direktoru vəzifəsini icra edən akademik İradə Hüseynova akademik Cəlal Əliyevin Azərbaycanda biologiya elminin inkişafında müstəsna xidmətlərindən və zəngin elmi irsindən söz açıb. O bildirib ki, akademik Cəlal Əliyev biologiya, seleksiya və fotosintez sahələrində apardığı fundamental tədqiqatlarla dünya elminə dəyərli töhfələr verib.
Cəlal Əliyev keçən əsrin 70-ci illərində Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin, o cümlədən molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya, kompüter biologiyası və bioinformatikanın bünövrəsini qoyub, onların inkişafının başlıca istiqamətlərini müəyyənləşdirib və zəngin elmi məktəb formalaşdırıb. O, xüsusilə fotosintez prosesinin öyrənilməsi sahəsində mühüm elmi nəticələr əldə edib. Alim sübut edib ki, bitkilərin məhsuldarlığının əsas amillərindən biri fotosintez prosesinin səmərəli təşkil olunmasıdır. Onun bu sahədə apardığı tədqiqatlar dünya elmində böyük maraq yaradıb. C.Əliyev uzun illər ərzində fototənəffüs prosesinin bitkilər üçün zərərli hesab edilməsinə qarşı çıxaraq, bu prosesin bitki həyatında mühüm rol oynadığını elmi şəkildə əsaslandırıb. Onun bu istiqamətdə əldə etdiyi nəticələr beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.
Cəlal Əliyev hələ 1970-ci illərdə biologiyada kompüter texnologiyalarının tətbiqinin vacibliyini vurğulayıb, gələcəyin elmini qabaqcadan görən alim kimi tanınıb.
İ.Hüseynova qeyd edib ki, alimin fəaliyyətinin mühüm istiqamətlərindən biri də yüksək məhsuldar və keyfiyyətli buğda sortlarının yaradılması olub: “Akademik Cəlal Əliyevin 60 ildən çox elmi fəaliyyəti kənd təsərrüfatı bitkilərinin, əsasən, buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsinə həsr olunub. Onun rəhbərliyi ilə aparılan seleksiya işləri nəticəsində Azərbaycanın iqlim şəraitinə uyğun yeni buğda sortları əldə edilib. Bu sortlar ölkənin ərzaq təhlükəsizliyinin möhkəmlənməsində mühüm rol oynayıb və Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi -Tədqiqat İnstitutunun genofonduna daxil edilib”.
Akademik vurğulayıb ki, C.Əliyev fotosintez və fototənəffüs proseslərini kompleks şəkildə tədqiq edib. Bu tədqiqatların dairəsi bitkilərin məhsuldarlığının fizioloji, biofiziki, biokimyəvi və molekulyar-genetik əsaslarını, eyni zamanda, bitkilərin həyatının struktur-funksional təşkilinin molekulyar səviyyədən başlayaraq, bütöv bitki və əkinə qədər bütün mərhələ və formalarında məhsuldarlıq proseslərinin öyrənilməsini əhatə edib. Akademik Cəlal Əliyevin bir şəxsiyyət kimi tələbələrinə daim örnək olduğunu xatırladan İ.Hüseynova onun yaratdığı elmi məktəbin onlarla istedadlı yetirməsinin bu gün Azərbaycanda və digər ölkələrdə tədqiqatlar apardığını, elmi nailiyyətləri ilə respublikamızın adını uca tutduqlarını söyləyib.
C.Əliyevin 500-dən çox yüksəkixtisaslı kadr hazırladığını deyən İ.Hüseynova akademikin elmi məsləhətçiliyi və rəhbərliyi ilə 15 elmlər və 81 fəlsəfə doktoru hazırlandığını vurğulayıb. Onun sözlərinə görə Cəlal Əliyev 800-ə yaxın elmi əsərin, 25 monoqrafiyanın və çoxsaylı müəlliflik şəhadətnamələrinin müəllifidir.
AMEA-nın müxbir üzvləri Novruz Quliyev, İbrahim Əzizov və biologiya elmləri doktoru Həsən Babayev akademik Cəlal Əliyevin Azərbaycan elmindəki misilsiz xidmətlərindən danışıb, böyük alimlə bağlı xoş xatirələrini bölüşüblər.
Tədbirdə akademik Cəlal Əliyeva həsr olunmuş film nümayiş etdirilib.
12:48 01.07.2026
Oxunuş sayı: 48