İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi üçün beynəlxalq struktur yaradılsın - TƏKLİF
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində təxminən 4 min azərbaycanlının taleyi bu günə qədər naməlum qalır. Aradan uzun illər keçməsinə baxmayaraq, onların aqibəti barədə hələ də dəqiq məlumat yoxdur. İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi humanitar baxımdan ən vacib məsələlərdən biri hesab olunur. Belə ki, bu istiqamətdə kütləvi məzarlıqlarların aşkar edilməsi və şəxsiyyətlərin müəyyənləşdirilməsi üzrə işlər davam etdirilir. Eyni zamanda, itkinlərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistanın əlində olan məlumatları təqdim etməsi vacib bir məsələdir.
Mövzu ilə əlaqədar Crossmedia.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev Azərbaycanın Birinci Qarabağ müharibəsində və ondan sonrakı müddətdə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi məqsədilə dəfələrlə bəyanatlar səsləndirdiyini vurğulayıb:

"Lakin Ermənistan bu bəyanatlara indiyədək müsbət reaksiya verməyib. Birinci Qarabağ müharibəsində mənim taborumdan olan dörd hərbi qulluqçu bu günə qədər də itkin düşmüş şəxslər siyahısında yer almaqdadır. Azərbaycandan itkin düşən şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan mütləq əməli addımlar atmalıdır".
Ekspertin sözlərinə görə, bu addımlardan biri də ortaq komissiyaların yaradılması və bu komissiyalar tərəfindən Birinci Qarabağ müharibəsində rəhbər vəzifələrdə xidmət edən, bu cümlədən separatçı rejimin tərkibində olan silahlı qruplaşmalara rəhbərlik etmiş şəxslərin dindirilməsi, onların ifadələrinin alınması, kütləvi məzarlıqların yerləri barədə məlumatların dəqiqləşdirilməsindən ibarət olmalıdır:
"Daim sülhdən, regional əməkdaşlığın inkişafından bəhs edilir. Hətta regional kommunikasiyaların Azərbaycan tərəfindən açılmasını təqdir etsələr də, itkin düşən azərbaycanlıların taleyinə aydınlıq gətirməkdə maraqlı görünmür. Bu məsələdə ortaq və ya beynəlxalq bir strukturun yaradılmasına ciddi ehtiyac yaranıb".
Fatimə Məmmədova
15:30 01.07.2026
Oxunuş sayı: 49