Bu ixtisaslarda ballar artacaq
I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrinin açıqlanmasından sonra abituriyentləri ən çox maraqlandıran məsələlərdən biri də bu il keçid ballarının necə formalaşacağıdır. Ekspertlər hesab edirlər ki, cari qəbul ilində əsas təsir göstərən amillərdən biri buraxılış imtahanlarının nəticələri olub.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan təhsil eksperti Cahid İmanlı bildirib ki, bu il keçid ballarının formalaşmasına ən ciddi təsir edən amil məhz buraxılış imtahanı olub.
Onun sözlərinə görə, buraxılış imtahanlarının nisbətən çətin keçməsi keçid ballarının kəskin yüksəlməsini gözləməyə əsas vermirdi: “Buraxılış imtahanının çətin olması keçid ballarının qalxmayacağını və ya ən azından stabil qalacağını deməyə əsas verirdi. Hazırkı vəziyyətdə də bu tendensiyada ciddi dəyişiklik müşahidə olunmur. Bəzi ixtisaslarda müəyyən artım ehtimalı istisna deyil. Keçən illə müqayisədə I və IV qruplar üzrə sənəd verən abituriyentlərin sayının daha çox olduğunu nəzərə alsaq, bu qruplarda prestijli ixtisaslar üzrə keçid ballarında az da olsa artım müşahidə oluna bilər”.

C.İmanlı vurğulayıb ki, qəbul prosesində ən həssas vəziyyət ənənəvi olaraq aşağı keçid balı olan ixtisaslarda yaranır: “Ümumiyyətlə, abituriyentlər üçün ən problemli və çətin situasiya bütün qruplar üzrə 150 ballıq ixtisaslarda olur. Blok imtahanından 50-100 arası bal toplayan abituriyentlər bu məqamı xüsusilə diqqətdə saxlamalıdırlar”.
Zeynəb Həsən
16:15 25.06.2026
Oxunuş sayı: 50