İsa Həbibbəyli: Akademiyada bal sisteminə keçid 2027-ci ildə nəzərdə tutulur
AMEA rəqəmsal qiymətləndirməyə hazırlaşır. Ənənəvi kağız hesabatların bal sistemi ilə əvəzlənəcəyi gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında çıxış edən Akademiya prezidenti İsa Həbibbəyli elmi işçilərin fəaliyyətinin qiymətləndirilməsində mühüm yeniliklərin anonsunu verib. Qiymətləndirmə prosesində ənənəvi kağız hesabatlardan bal sisteminə keçidin planlaşdırıldığını bildirən AMEA rəhbəri bu məsələdə tələsik qərarların verilməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, yeni metoda tam keçid 2027-ci ildə nəzərdə tutulur və cari ilin noyabr ayına qədər olan dövr daha çox maarifləndirmə, sistemin faydalarının ölçülüb-biçilməsi, məsləhətləşmələr və təşviqat işlərinin aparılmasına həsr olunacaq.
Akademik İsa Həbibbəyli bu keçidin cəmiyyət və elmi ictimaiyyət üçün tam aydınlaşdırılması məqsədilə hər bir faydalı təklifə ehtiyac duyulduğunu diqqətə çatdırıb. Dünyanın artıq rəqəmsal və elmi-metrik metodlara doğru irəlilədiyini qeyd edən AMEA prezidenti, postsovet məkanında, eləcə də Ukrayna və Rusiyada bu istiqamətdə tətbiq olunan modellərin tərəfindən təhlil edildiyini bildirib. Eyni zamanda Yunanıstan və Polşa kimi ölkələrin də öz daxili reallıqlarını nəzərə alaraq bu sistemə keçid etdiyini xatırladıb. Müxtəlif elmi müəssisələrin hesabatlarındakı fərqli bal sistemləri və nominasiyaların araşdırıldığını deyən akademik, beynəlxalq təcrübədəki səmərəli məqamların yerli modelin qurulmasında faydalı olacağını qeyd edib.
19:52 24.06.2026
Oxunuş sayı: 52