Azərbaycan nümayəndə heyəti QS sammitində iştirak edir
Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən “QS Higher Ed Summit: Europe 2026” sammitində Azərbaycan nümayəndə heyəti iştirak edir.
Crossmedia.az Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, 24–25 iyun tarixlərini əhatə edən tədbirin rəsmi açılış mərasimi bu gün baş tutub. Ali təhsilin gələcəyi ilə bağlı qlobal çağırışların və inkişaf perspektivlərinin müzakirə olunduğu sammitdə dünyanın müxtəlif ölkələrindən universitet rəhbərləri, beynəlxalq ekspertlər, qərarvericilər və sənaye nümayəndələri bir araya gəliblər.
Tədbir çərçivəsində ali təhsil müəssisələrinin strateji inkişafı, beynəlxalq reytinqlərdə mövqelərin gücləndirilməsi, süni intellekt dövründə dəyişən bacarıq tələbləri, universitet-sənaye əməkdaşlığı, rəqəmsal transformasiya və beynəlxalq tərəfdaşlıqlar kimi mövzular müzakirə olunur.
Sammitdə Azərbaycanı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, “Study in Azerbaijan” layihəsi, eləcə də ölkənin aparıcı ali təhsil müəssisələrinin rektorları və nümayəndələri təmsil edirlər.
Tədbirin Azərbaycanın ali təhsil sisteminin beynəlxalq akademik məkana inteqrasiyasının genişləndirilməsi, yerli universitetlərin beynəlxalq səviyyədə tanıdılması və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunur.
13:20 24.06.2026
Oxunuş sayı: 46