Zərif duyğuların səsi: Bu gün Nigar Rəfibəylinin doğum günüdür
Bu gün Azərbaycan ədəbiyyatının ən incə tellərini titrədən səslərdən birinin - Nigar Rəfibəylinin doğum günüdür. 23 iyun 1913-cü ildə Gəncənin daşlı-kəsəkli, amma şerə bulaşmış küçələrində dünyaya göz açan şairə sonradan Azərbaycan poeziyasının ən zərif lirika bağçasını əkdi.
Nigar Rəfibəyli təkcə şairə deyildi. O, sözlə toxuyan, hisslə danışan, qadın ürəyinin ən gizli çalarlarını kəğıza köçürən bir sənətkar idi. Yaradıcılığının mərkəzində sevgi dayanırdı - bəzən pıçıldayan, bəzən fəryad edən, amma həmişə səmimi. Onun qələmində təbiət canlanır, Vətən nəfəs alır, həyatın ən sadə gözəlliyi belə ilahiyə çevrilirdi.
Gənc yaşlarından sözün sehrinə düşən Nigar ilk şeirlərini mətbuatın səhifələrinə etibar edəndə hələ heç kim bilmirdi ki, Azərbaycan poeziyası yeni bir səs qazanır. “Çadra”sı qadın taleyinin pıçıldayan etirafına çevrildi. “Günəşdən gələn səs” işıq axtaran ruhlara yol göstərdi. “Yol xatirələri” isə hər addımda iz qoyan ömrün poetik gündəliyi oldu. Onun şeirlərində çılğınlıq yox, dərinlik var idi. Sadə sözlər, amma ürəyə dəyən hisslər. Qadın dünyasının incəlikləri - həm kövrək, həm dözümlü, həm zərif, həm qüdrətli.
Nigar Rəfibəyli yalnız öz sözünü yazmadı, başqalarının sözünü də Azərbaycan dilinə gətirdi. Görkəmli tərcüməçi kimi dünya ədəbiyyatının incilərini ana dilimizin zənginliyinə qovuşdurdu. Həyatını isə söz yoldaşı, xalq şairi Rəsul Rza ilə birləşdirdi. Bu iki qələm sahibi təkcə ailə qurmadı - Azərbaycan ədəbiyyatına ömürlük bir məhəbbət dastanı bəxş etdi. Onların sevgisinin bəhrəsi isə müasir Azərbaycan ədəbiyyatının zirvələrindən biri - Anar oldu.
Nigar Rəfibəyli 1981-ci ildə fiziki olaraq dünyamızdan köçdü. Amma şeirləri getmədi. Çünki əsl şairlər ölmür - onlar misralarda yaşayır. Bu gün onun misralarını oxuyanda başa düşürsən ki, Nigar xanım bizə təkcə şeir verməyib, insan sevgisini, zərifliyin gücünü, duyğunun əbədiyyətini miras qoyub.
Onun yaradıcılığı Azərbaycan ədəbiyyatının yaddaşında incə bir izdir. Elə bir iz ki, hər dəfə “Çadra”nın bir bəndini oxuyanda ürəyin qulağına pıçıldayır: Sevgi də, Vətən də, insan da - hər şey gözəllikdən başlayır.
Nigar Xəlilli
16:40 23.06.2026
Oxunuş sayı: 42