TikTok Azərbaycanda nümayəndəlik açır?
Mətbuat Şurasının sədri Rəşad Məcid “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsinin ictimai müzakirəsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, uşaqların sosial şəbəkələrdən istifadə məsələsi gündəmdədir və qanunda nəzərdə tutulur ki, gələcəkdə 16 yaşadək uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər qoyulsun. Bununla bağlı, əlbəttə ki, dünyada fəaliyyət göstərən böyük şirkətlərin, platforma provayderlərinin, sosial şəbəkələrin Azərbaycanda nümayəndəliklərinin açılması vacibdir. Bu qanun artıq ictimaiyyət tərəfindən yaxşı qarşılanıb və çox güman ki, qanun qəbul olunduqdan sonra dünyada fəaliyyət göstərən böyük şirkətlər, böyük platforma provayderləri Azərbaycanda fəaliyyət göstərəcəklər, nümayəndəlik açacaqlar
Səsləndirilən fikirlər qulağa xoş gəlsə də, elə də asan olmayacağı məlumdur.
Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlı bu barədə Crossmedia.az-a açıqlama verib:

“Mənə elə gəlir ki, bu, qeyri-ciddi söhbətdir. Xüsusilə TikTok, Facebook kimi platformalar gəlib burada nümayəndəlik açmayacaqlar. Bu, sadəcə dildə gəzən söhbətdir. O ki qaldı sosial şəbəkələrin uşaqlara qadağan edilməsi məsələsinə, bu, mümkündür. Amma o qanunun işləyib-işləməyəcəyi başqa məsələdir. Mən inanmıram ki, işləsin”.
Ayxan İbişov
12:40 13.06.2026
Oxunuş sayı: 56