Məhərrəmliklə bağlı XƏBƏRDARLIQ: Bunları etmək qadağandır
Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir.
Crossmedia.az xəbər verir ki, bu, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının və səlahiyyətli nümayəndələrinin Məhərrəm ayının başlanması ilə əlaqədar ölkə müsəlmanlarına müraciətində əks olunub.
Müraciətdə, həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırıb ki, qazılar və imamlar “Dini etiqad azadlığı haqqında” Qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması icazəli deyildir. Xüsusilə qeyd etmək istərdik ki, Azərbaycan din xadimləri tərəfindən məscidlərdə Vətən sevgisini, milli dəyərlərə sədaqəti, şərəf və ləyaqəti ehtiva edən moizələr və xütbələr oxunmalıdır. Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, həmçinin 20 yanvar və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir, qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər.
Qeyd edək ki, Məhərrəm ayının 1-i Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərləri Şurasının Fətva şöbəsinin tərtib etdiyi təqvimə, həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, Miladi təqvimlə 16 iyun tarixinə, Aşura isə 25 iyun tarixinə təsadüf edəcək.
14:34 11.06.2026
Oxunuş sayı: 56