Korrupsiyaya qarşı mübarizə güclənir: Faktlar bir - bir aşkar ediləcək
Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin daha da təkmilləşdirilməsi istiqamətində yeni addım atılır. Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsi korrupsiya faktları barədə məlumat verən şəxslərin hüquqlarının daha etibarlı qorunmasını, eyni zamanda dövlət və bələdiyyə orqanlarında hesabatlılıq mexanizmlərinin gücləndirilməsini nəzərdə tutur.
Təklif olunan dəyişikliklərə əsasən, korrupsiya ilə bağlı məlumat verən şəxslərə qarşı mümkün təzyiq və qisas xarakterli addımların qarşısının alınması üçün əlavə hüquqi təminatlar yaradılır. Bununla yanaşı, dövlət və bələdiyyə qulluqçularının etik davranış, maraqların toqquşması və qanunsuz imtiyazlarla bağlı məlumatlandırma prosedurlarında da yeni yanaşmalar tətbiq ediləcək.

Məsələ ilə bağlı hüquq müdafiəçisi Əliməmməd Nuriyev Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Əlbəttə, bu təşəbbüsü müsbət qiymətləndirirəm. Çünki korrupsiyaya qarşı mübarizədə ən ciddi məsələlərdən biri korrupsiya faktlarının aşkar edilməsidir. Bir çox hallarda nə audit, nə yoxlama, nə də digər nəzarət mexanizmləri müəyyən məlumatları üzə çıxara bilir. Həmin məlumatları isə məhz prosesin içində olan insanlar bilirlər. Yəni şəxs bu və ya digər şirkətdə, dövlət qurumunda, müəssisədə, təşkilatda və ya nazirlikdə çalışırsa, o, həmin qurumda baş verən proseslərdən daha yaxşı xəbərdar olur. Hansı korrupsiya sövdələşmələrinin mövcud olduğunu, belə halların necə baş verdiyini və bu proseslərdə kimlərin iştirak etdiyini məhz həmin şəxslər bilir. Elə buna görə də məlumat verən şəxslərin müdafiəsi haqqında qanunlar qəbul edilir. Bu şəxslər beynəlxalq praktikada “fitçalanlar” (whistleblowers) adlandırılır".
Müsahibimiz bildirib ki, onlar qanun pozuntusunu, korrupsiya və ya cinayət xarakterli sövdələşmələri görür və aidiyyəti qurumlara məlumat verirlər: "Lakin reallıq ondan ibarətdir ki, hər kəs gördüyünü danışmağa hazır olmur. Bunun da səbəbi aydındır. İnsanlar düşünürlər ki, məlumat versələr, sonradan onlarla necə davranılacaq, iş yerlərində problemlərlə üzləşəcəklərmi, karyeralarına mənfi təsir olacaqmı, onlara qarşı münasibət dəyişəcəkmi? Ən ciddi narahatlıqlar məhz bunlardır. Məhz buna görə də hökumətlər korrupsiya faktları barədə məlumat verən şəxslərin müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atırlar. Bu məsələ BMT-nin Korrupsiyaya qarşı Konvensiyasında da öz əksini tapıb. Həmin sənəddə dövlətlər üzərinə öhdəlik götürürlər ki, korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsini təmin etsinlər. Azərbaycanda da 2016-cı ildə korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı müvafiq hüquqi müddəalar qanunvericiliyə daxil edilib. Lakin uzun müddət bu sahədə praktik tətbiq nümunələri demək olar ki, müşahidə olunmayıb. Baxmayaraq ki, qanunvericilikdə xüsusi mexanizmlərin yaradılması, məlumat verən şəxslərin təqib edilməsinin yolverilməzliyi və müraciətlərin araşdırılması prosedurları nəzərdə tutulub. Eyni zamanda, belə şəxslərin müdafiəsi üçün cinayət prosesində iştirak edən şəxslərin müdafiəsi haqqında qanunvericiliyin müəyyən müddəalarının tətbiqi də mümkündür. Bu o deməkdir ki, əgər korrupsiya faktı barədə məlumat verən şəxsin və ya onun ailə üzvlərinin təhlükəsizliyi risk altındadırsa, dövlət onların müdafiəsi üçün zəruri tədbirlər görə bilər. Son illərdə bu məsələyə yenidən qayıdılıb və məlumat verən şəxslərin müdafiəsinin daha effektiv təmin olunması istiqamətində qanunvericilikdə dəyişikliklər müzakirə olunub, müəyyən yeniliklər həyata keçirilib. Uzun illər korrupsiyaya qarşı mübarizə sahəsində ictimai nəzarət fəaliyyəti ilə məşğul olmuş bir şəxs kimi deyə bilərəm ki, ilk növbədə insanlar ədalətli mexanizmlərin mövcudluğuna inanmalıdırlar. Şəxs əmin olmalıdır ki, dövlət ondan məlumat almaq istəyirsə, sonradan onu tək qoymayacaq. Bu baxımdan məlumat verən şəxslərin müdafiəsinin təmin olunması olduqca vacibdir. Burada söhbət təkcə şəxsin kimliyinin gizli saxlanılmasından getmir. Eyni zamanda həmin şəxsin işdən çıxarılmaması, vəzifəsinin aşağı salınmaması, ona qarşı qərəzli intizam tədbirlərinin tətbiq edilməməsi və digər təzyiq formalarından qorunması da nəzərdə tutulmalıdır. Əslində qanunvericiliyimizdə bu məsələlər müəyyən dərəcədə öz əksini tapıb".
Hüquq müdafiəçisinin fikrincə, burada əlavə stimullaşdırıcı mexanizmlər də tətbiq oluna bilər: "Məsələn, verilən məlumat nəticəsində dövlətə və ya ictimai maraqlara vurula biləcək ziyanın qarşısı alınarsa, həmin məbləğin müəyyən hissəsinin mükafat kimi məlumat verən şəxsə verilməsi praktikası nəzərdən keçirilə bilər. Bu, vətəndaşların fəallığını artıran amillərdən biri ola bilər.
Əlbəttə, kimsə iddia edə bilməz ki, bu tədbirlər korrupsiyanı tamamilə aradan qaldıracaq. Dünyanın heç bir ölkəsində belə nəticə əldə olunmayıb. Lakin bir həqiqət var ki, korrupsiya ilə məşğul olan şəxslər bilməlidirlər ki, onların qanunsuz əməlləri barədə məlumatın aidiyyəti qurumlara çatdırılması ehtimalı yüksəkdir. Bu isə ciddi preventiv, yəni önləyici təsir yaradır. Hesab edirəm ki, korrupsiyaya qarşı mübarizə yalnız cəza siyasətindən ibarət deyil. Burada şəffaflıq, ictimai nəzarət, medianın fəaliyyəti, rəqəmsallaşma və vətəndaş iştirakçılığı da mühüm rol oynayır. Məlumat verən şəxslərin müdafiəsi isə bu mübarizə zəncirinin vacib və effektiv həlqələrindən biridir. Əgər bu mexanizm praktikada səmərəli işləyərsə, insanların dövlətə və hüquq-mühafizə orqanlarına etimadı artacaq, korrupsiya faktlarının aşkar olunması sürətlənəcək və nəticə etibarilə korrupsiya üçün fəaliyyət mühiti daha da daralacaq. Atılan addımlar müsbətdir. Lakin eyni zamanda elə mexanizmlər qurulmalıdır ki, onlar vətəndaşlarda etimad yaratsın, insanları məlumat verməkdən çəkindirməsin və bu sistemin real işlədiyinə inam formalaşdırsın".
Həmsöhbətimiz düşünür ki, vətəndaş cəmiyyəti də bu prosesdə fəal iştirak etməlidir: "Qanunun mahiyyəti geniş şəkildə izah olunmalı, onun müddəaları dövlət qurumlarında, bələdiyyələrdə və özəl sektorda çalışan şəxslərə çatdırılmalıdır. Bundan əlavə, məlumat verən şəxslərin müdafiəsi yalnız dövlət və bələdiyyə qurumlarında deyil, dövlətin pay sahibi olduğu müəssisələrdə, publik hüquqi şəxslərdə və özəl sektorda da tam şəkildə təmin edilməlidir. Dünya təcrübəsi göstərir ki, bu cür mexanizmlər korrupsiyaya qarşı mübarizədə kifayət qədər effektiv nəticələr verir".
Elmir Heydərli
12:02 08.06.2026
Oxunuş sayı: 78