Üçüncü dünya müharibəsinin bir addımlığındayıq? - Müsahibə
Dünya yenidən "Böyük Oyun"un ən təhlükəli mərhələsinə qədəm qoyur. İllərdir davam edən "soyuq müharibə" və diplomatik manevrlər artıq yerini açıq hərbi ssenarilərə verməkdədir. Donald Trampın yenidən hakimiyyətə gəlişi ilə Vaşinqtonun Tehranla bağlı strategiyası sadəcə iqtisadi sanksiyalar çərçivəsindən çıxaraq, hərbi əməliyyatların bərpası müstəvisinə keçir.
Yaxın Şərqin barıt çəlləyini xatırladan siyasi mənzərəsində atəşkəs bir barış deyil, sadəcə növbəti zərbələr üçün hazırlıq fasiləsi idimi? Diplomatiyanın dalana dirəndiyi, iqtisadi rıçaqların son həddə çatdığı bir vaxtda dünya tək bir sualın cavabını axtarır: Böyük müharibə qaçılmazdır? III Dünya müharibəsinin "fitili alışırmı", yoxsa bu, sadəcə tərəflərin bir-birini danışıqlar masasına məcbur etmək üçün atdığı son geosiyasi gedişdir?

Məsələ ilə bağlı politoloq, professor Əlimusa İbrahimov Crossmedia.az-ın suallarını cavablandırıb.
- "Axios" nəşrinin məlumatına görə, ABŞ İrana qarşı hərbi əməliyyatların bərpası ehtimalını ciddi şəkildə nəzərdən keçirir. Sizcə, müharibənin yenidən başlanması nə qədər realdır?
- ABŞ-nin İrana qarşı müharibəyə hər an hazır olmasını onun yenidən müharibə planlaşdırdığı kimi düşünmək doğru olmazdı. ABŞ müharibənin bitirməyib ki, yenidən başlasın. ABŞ və onun müttəfiqləri İrana hücumlara atəşkəs formasında fasilə veriblər. Tərəflər bu fasilədən danışıqların davam etdirilməsi və nəticə əldə edilməsinə xidmət etdiyi kimi zərbələrin növbəti mərhələsinə hazırlaşmaq məqsədi ilə də istifadə etmək imkanlarına malik idilər. Amma atılan addımlar danışıqların nəticə vermədiyini ortaya qoydu. Çünki tərəflərin bir-birinə qarşı irəli sürdüyü şərtlərin qəbuledilməz olduğu bəyan edildi. Bundan sonra ABŞ-nin hücumları davam etdirmək və İrana qarşı daha ağır zərbələr endirmək qarşısında dayandı. Bu seçimin qarşıya çıxa biləcəyini əvvəldən görən ABŞ və həm də İran yaranmış fasilədən istifadə edərək öz hazırlıqlarını görürlər.
- Sizcə, danışıqlar, doğrudan da, dalana dirənib?
- ABŞ-nin əlində Hörmüz boğazını İran üçün bağlayaraq onu iqtisadi problemlərə salmaq kimi orta bir seçim də var. Donald Tramp hələlik bu seçimdən istifadə edir. Hörmüz boğazının İran üçün bağlı qalması istənilən nəticəni verməsə, ABŞ-nin zərbələri bərpa etməkdən başqa çıxış yolunun olmadığını düşünürəm. Hadisələr hələ ki, bu istiqamətdə gedir.
- Necə düşünürsünüz, indiki vəziyyətdə ən optimal həll yolu nədir?
- İndiki vəziyyətdə İranın ABŞ ilə danışıqlara getməyə inandırmaqdan başqa çıxış yolu yoxdur. İranın tələblərindən müəyyən hissəsini qarşılamaqla danışıqlara başlamaq lazımdır.
- Baş verə biləcək müharibə Üçüncü dünya müharibəsinin "fitilini yandıracaqmı"?
- İrana zərbələrin yenidən başlamasının Üçüncü Dünya müharibəsinə gətirib çıxaracağını düşünmürəm. Çünki, ABŞ çox cəhd etsə də digər dövlətləri bu münaqişəyə qoşa bilmədi. Çinlə Rusiya İrana birbaşa dəstəkdən qaçaraq hadisələrdən kənarda kimi görünürlər. Növbəti mərhələ Körfəz ölkələrinin daha ciddi ziyan görməsi ilə nəticələnəcək.
Turqut Ansari
19:43 01.05.2026
Oxunuş sayı: 59