Çin yeni texnologiya peykini orbitə göndərdi
Çin peyk interneti sahəsində imkanlarını genişləndirmək məqsədilə yeni test peykini uğurla orbitə çıxarıb.
Crossmedia.az xəbər verir ki, bu barədə NTV məlumat verib.
Belə ki, peyk “Cielong-3” (Ağıllı Əjdaha-3) raketi vasitəsilə Sarı dəniz sahillərində yerləşən Hayyan şəhəri yaxınlığındakı dəniz platformasından buraxılıb. “SatNet” adlı test peyki planlaşdırıldığı kimi Alçaq Yer Orbitindəki mövqeyinə yerləşib. Bu, sözügedən raketlə həyata keçirilən 11-ci uğurlu missiya olub.
Buraxılış Çinin aşağı orbitdə qurduğu “Guovang” peyk şəbəkəsi layihəsi çərçivəsində həyata keçirilib. Layihənin əsas məqsədi peyk internet texnologiyalarını inkişaf etdirmək və qlobal rabitə imkanlarını genişləndirməkdir.
Məlumata görə, Çin Fırlatma Vasitələri Texnologiyası Akademiyası tərəfindən hazırlanmış “Cielong-3” raketi 500 kilometr yüksəklikdə Günəşə sinxron orbitə 1,6 tona qədər yük daşıya bilir. 31 metr uzunluğunda olan raket 4 mərhələli mühərrik sisteminə malikdir.
Qeyd edək ki, bu tip raketlər kommersiya peyk bazarında artan tələbi qarşılamaqla yanaşı, buraxılış xərclərini də əhəmiyyətli dərəcədə azalda bilər. Həmçinin, vurğulayaq ki, gələcəkdə 1 kiloqram yükün orbitə çıxarılma qiymətinin 10 min dollardan aşağı düşəcəyi gözlənilir.
17:23 12.04.2026
Oxunuş sayı: 61