Bir ay yaxşı insan, 11 ay əvvəlki kimi – Ramazanın itirilən mahiyyəti
Bəzən insanlar Ramazan ayında oruc tutur, başqalarına yardım edir, xeyir işlər görür.
Lakin ay bitdikdən sonra eyni şəxslər yenidən pis əməllərə qayıdır, biri-birini incidə bilir, yalan danışır və gündəlik həyatdakı mənəvi disiplindən uzaqlaşırlar.
Ekspertlər vurğulayır ki, Ramazan yalnız günahların bağışlanması üçün deyil, həm də insana iradə və mənəvi güc qazandırmaq üçün nəzərdə tutulub.
Bu ayın məqsədi insanı heyvanlarla paylaşdığı sadə ehtiyaclardan ayırmaq, mənəviyyata yönəltmək və ilahiyyə aid xüsusiyyətlərini dərk etdirməkdir.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan ilahiyyatçı Fazil Əhməd məsələnin mahiyyətini anlamamaqdan irəli gəldiyini vurğulayıb:

"Ümumiyyətlə, cəmiyyətin çoxu bilmir ki, mübarək Ramazan ayı təkcə keçmiş günahların bağışlanması üçün nəzərdə tutulmayıb. Bu ayın əsas məqsədi insanda elə bir iradə yaratmaqdır ki, bu iradə və gücün hesabına gələn Ramazan ayında günah işləməmək və özünü qorumaq mümkün olsun.
Bu gücü yaratmaq üçün mübarək Ramazan ayının mahiyyətini dərk etmək vacibdir.
Fikir belədir ki, bu ayda heyvanlarla insanların ortaq xüsusiyyətləri var, lakin insanı Allah onlardan ayırıb. Yəni heyvanlarla paylaşdığımız xüsusiyyətlər var – onlar da yemək yeyir, su içir, nəsillər artır və s.
Bu xüsusiyyətlər insanda da var. Allah bu ayda bizi həmin xüsusiyyətlərdən günün müəyyən hissəsində ayırıb ki, insanlıq və ilahiyyə aid olan xüsusiyyətlərimizə qayıdaq. Günün müəyyən vaxtlarında, sübhdən məqribə kimi, heyvanlarla ortaq xüsusiyyətlərdən uzaqlaşaraq insana aid olan, ilahiyyə aid olan xüsusiyyətlərimizi dərk edək.
Çünki Quran-ı Kərimdə buyurulur ki, insanlıq və Allahla müştərək olan ruhumuza qayıdaq. Bu da deməkdir ki, bu ləzzəti ildə bir dəfə də olsa duyaq. Maddi və cismani ləzzətlərdən daha üstün bir ləzzət var və insan bunu hiss etməlidir.
Bir alim gənclərlə söhbət zamanı deyib ki, gənclər susuz olsalar, nə qədər suyun həzzindən danışsan da, onlar suyu içməyincə o həzzi dərk edə bilməzlər.
Doğrudan da, belədir: insanlar mənəviyyatdan və daha üstün ləzzətlərdən həzz almağı həyatlarında tətbiq etməsələr, onları sadəcə danışmaq kifayət etmir. İnsan hələ bu barədə düşünmür. Uşağa daha üstün oyuncaq verildikdə, kukla ilə oynayan uşaq onu seçir – çünki daha üstün həzzi tapıb.
Allah istəyir ki, insan heyvanla ortaq olan xüsusiyyətləri bir aylıq kənara qoysun və günün müəyyən vaxtında o həzzi duya bilsin. Bu yolla insan həyatının digər hissələrində də bu həzzə çatmaq üçün fədakarlıq edə və qurban verə bilsin. Bu çox mühüm xüsusiyyətdir, amma bəziləri bunu anlamır, bəzən isə çox yemək səbəbindən anlaya bilmir".
İlahiyyatçının sözlərinə görə, səhərlər çox yeyən və ya gün boyu aşırı yeyən insanlar mənəvi həzzə çata bilmirlər:
"Peyğəmbərimiz buyurur ki, Allahın bir neçə dolu qəlbdən acığı gəlir. Onlardan biri halaldan dolan mədədi, yəni mədənin dolana qədər yeməsi. Haramdan deyil, halaldan dolu olması belə Allahın acığına səbəb olur. Çünki Allah bilir ki, mədə dolu olsa, insan mənəvi dərəcələrə çata bilməyəcək.
Bu səbəbdən Ramazan ayında insanlar mənəvi həzzdən məhrum qala bilirlər. Əsas məsələ budur ki, müsəlmanlar bilsinlər: mübarək Ramazan ayının səbəblərindən biri keçmiş günahların bağışlanmasıdır, amma əsas səbəb odur ki, bu ay Allah insana güc və iradə verir. İnsan bu gücü və iradəni toplamalıdır ki, gələn Ramazan ayında günah işləməsin.
Əslində, Ramazan ayında qazandığımız bu güc sonraki aylar üçün nəzərdə tutulub. Bəziləri isə belə düşünür: 11 ay günah işləyirəm, Ramazan ayında günahları bağışlayaram. Lakin əsas güc və iradə Allahdan alınan enerji ilə gəlir ki, insan bundan sonra da günah işləməsin".
Fatimə
11:31 18.03.2026
Oxunuş sayı: 55