İbadət məkanları və dini irs: Azərbaycanın 2389 məscidi
Azərbaycanda dini ibadət yerlərinin sayı ilə bağlı açıqlanan rəqəm ölkənin dini-mədəni irsinin miqyasını da ortaya qoyur. Hazırda ölkədə 2389 məscidin var. Bəs bu say ölkədəki müsəlmanların tam rahat şəkildə ibadət etməsi üçün yetərlidirmi?
Mövzu ilə bağlı ilahiyyatçı Fazil Əhməd Crossmedia.az-a açıqlamasında bildirib ki, məscidlərin sayının artırılması və köhnə məscidlərin bərpa olunması sevindirici haldır. Bununla yanaşı, məscidlərin ərazilər üzrə daha bərabər paylanmasının vacib olduğunu qeyd edib:
“Sevindirici haldır ki, dövlət xalqın milli-mənəvi dəyərlərinin qorunması üçün məscidlərin sayını həm artırıb, həm də köhnə məscidlərin bərpa olunması və insanların daha rahat məscid xidmətlərindən istifadə etməsi üçün şərait yaradır. Bu, çox sevindiricidir. Lakin düşünürəm ki, məsələyə nəzarət mexanizmində bir qədər dəyişiklik olsa, daha yaxşı olar. Yeni salınmış ərazilərdə, müxtəlif qəsəbə və rayonlarda elə yerlər var ki, orada ümumiyyətlə məscid yoxdur. Bakıətrafı yeni salınmış ərazilərdə bu xüsusilə müşahidə olunur. Elə ərazilər var ki, yaxınlıqda 3-4 məscid yerləşir, amma yeni salınmış bəzi qəsəbələrdə ümumiyyətlə bir dənə də məscid yoxdur. Buna nəzarət mexanizmi işlənib hazırlansa, çox yaxşı olar. Yəni bütün ərazilərdə məscidlərin olması təmin edilməlidir. Belə olmamalıdır ki, bir ərazidə 3 məscid olsun, amma başqa bir ərazidə ümumiyyətlə məscid olmasın. Bu məsələ Qafqaz Müsəlmanları İdarəsi, İcra Hakimiyyətləri və hazırda fəaliyyəti çox zəif görünən bələdiyyələr tərəfindən nizamlanıla bilər. Məsələn, bələdiyyələrə tapşırıq verilsin ki, özlərinə aid əraziləri gəzsinlər və əhalinin sayının çox olduğu, amma məscidin olmadığı yerləri qeydə alsınlar. Bu təmin olunmalıdır. Mən bir çox əraziləri saya bilərəm ki, hazırda əhalinin yetərli sayına baxmayaraq, məscid çatışmazlığı var. İnsanlar cümə günləri və digər günlərdə məscidlərdə iştirak etmək üçün uzun yol qət edirlər. Bu da səbəb olur ki, bir məsciddə daha çox insan cəmləşsin və yer çatışmazlığı yaransın. İnsanların daxilən narazılığı, gözləntisi də ola bilər ki, kaş bizim yaşadığımız məntəqədə və ya ərazidə də məscid olaydı”.

F.Əhməd qeyd edib ki, ən mühüm məsələlərdən biri məscidlərin olmasıdırsa, bu işin bir tərəfidir: “Ən mühüm tərəfi isə məscidlərə insanların gəlməsidir. Məsələn, Rusiya kimi bir ölkədə müsəlman insanlara orta məktəblərdə təklif olunur ki, uşaqlarına hansı dinin əxlaqı və əqidəsi keçirilsin. Müsəlmanlar da qeyd edirlər ki, övladlarına İslam əxlaqı və əqidəsi məlumat formatında keçirilsin. Azərbaycanda da ən azı məktəblərdə əxlaq dərslərinin keçirilməsi yaxşı olardı. İslam əxlaqı dərsləri keçirilsəydi və bu dərslərin daxilində məscidlərin ziyarət olunması, məscidin nə üçün olduğu barədə cəmiyyətə və uşaqlara məlumat verilməsi, milli-mənəvi dəyərlərimizin, bayrağımızın yaşıl rənginin, şəhidlik anlayışının, İslam alimlərinin, qədim Azərbaycanın, azərbaycanlı İslam alimlərinin tanıdılması və eyni zamanda İslam maarifinin aşılanması cəmiyyətin məscidlərə meyl etməsinə səbəb ola bilərdiMəscidlərin sayının çox olması əladır, amma işin əsas tərəfi insanların həmin məscidlərə gəlməsidir. Bir məscidə insanlar gəlməsə, o məscid eksponat, muzey kimi olar. Cəmiyyətin məscidlərə cəlb olunması, ən azı müəyyən ayinlər keçiriləndə insanların orada olması üçün təbliğat aparmaq, televiziyada bu barədə verilişlər hazırlamaq və müəyyən tədbirlərin məscidlərdə keçirilməsini təmin etmək lazımdır. Məsələn, mübarək Ramazan ayında bəzi tədbirlərin orada keçirilməsi insanların məscidləri ildə heç olmasa bir neçə dəfə ziyarət etməsinə səbəb ola bilər. Məscidlərin çox olmasından daha mühüm olan məscidlərin dolması, insanların məscidləri ziyarət etməsidir. Ümid edirəm ki, bu barədə də müəyyən tədbirlər görülər və maarifləndirmə işləri aparılar”.
Zərnigar Hüseynli
12:30 27.08.2026
Oxunuş sayı: 58