Müharibədə təhlükəli dönüş: Rusiyada nüvə zərbəsi ehtimalı səsləndirilir
Rusiya rəhbərliyinin Ukraynada müharibənin daha da eskalasiyasına hazırlaşdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” Kremlə yaxın mənbələrə istinadən bu barədə məlumat yayıb. Məlumata görə, Moskva Kiyevə, o cümlədən paytaxtın mərkəzinə, eləcə də Ukraynanın digər şəhərlərindəki infrastruktura qarşı kütləvi ballistik zərbələri gücləndirmək imkanını nəzərdən keçirir.
Agentliyin mənbələri bildiriblər ki, Rusiyada danışıqlar prosesinin dalana dirəndiyi qənaəti formalaşıb. Eyni zamanda, sanksiyalar və Ukraynanın Rusiyadakı neft emalı müəssisələrinə zərbələri müharibənin dayandırılması üçün kifayət qədər səbəb hesab edilmir. Daha narahatedici məqam isə bəzi Rusiya rəsmilərinin Ukraynada taktiki nüvə silahından istifadənin mümkünlüyünü son tədbir kimi gündəmə gətirməsidir. Bununla belə, “Bloomberg” vurğulayır ki, Rusiyanın hazırda nüvə silahından istifadəyə hazırlaşdığını göstərən hər hansı əlamət yoxdur. Agentlik yalnız belə bir ssenarinin Rusiya rəsmiləri arasında getdikcə daha çox müzakirə olunmasını mümkün eskalasiyanın siqnalı kimi qiymətləndirir.
12:39 27.08.2026
Oxunuş sayı: 47