18 yaşlı kikboksinqçi dünya çempionu oldu
Türkiyənin Selçuklu Bələdiyyə İdman Klubunun üzvü Mert Can Akarsu İtaliyada keçirilən Gənclər arasında Dünya Kikboksinq Çempionatında qızıl medal qazanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
18 yaşlı idmançı 86 kiloqram çəki dərəcəsində “Full Contact” kateqoriyasında Türkiyəni təmsil edib və rəqiblərini geridə qoyaraq dünya çempionu tituluna yiyələnib.
Akarsunun növbəti hədəfi böyüklər arasında keçirilən dünya çempionatında da qızıl medal qazanmaqdır.
Təxminən səkkiz ildir kikboksinqlə məşğul olan idmançı bu müddət ərzində Türkiyə çempionatlarında iki dəfə gümüş medal qazanıb, üç dəfə ölkə çempionu olub. O, həmçinin Dünya Kubokunda ikinci yeri tutub.
Akarsu bildirib ki, idmana uşaq yaşlarında arıqlamaq məqsədilə başlayıb və ilk vaxtlarda böyük uğurlar qazanacağını düşünməyib. Onun sözlərinə görə, əzmkarlıq, davamlı məşqlər və heç vaxt təslim olmamaq dünya çempionluğuna gedən yolda əsas rol oynayıb.
İdmançı əldə etdiyi uğurda klub rəhbərliyinin, məşqçilərinin, dietoloqunun və fizioterapevtinin dəstəyinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, göstərilən diqqətə görə hər kəsə təşəkkür edib.
20:36 11.10.2026
Oxunuş sayı: 55