Britaniya Zelenskiyə dəstəyini bəyan edib
Böyük Britaniya Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstəyini ifadə edib. Bu açıqlama ABŞ Prezidenti Donald Trampın Ukraynaya yeni lider seçilməsi çağırışından və Vaşinqtonun Rusiyadan dizel yanacağının alınması ilə bağlı mübahisəli razılaşmasından sonra verilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb.
Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq bildirib ki, Ukraynaya kimin rəhbərlik edəcəyinə yalnız bu ölkənin vətəndaşları qərar verməlidir. BBC-nin “Sunday with Laura Kuenssberg” proqramında çıxış edən nazir Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasına diqqət çəkib.
“Biz təcavüzkarın Vladimir Putin olduğuna şübhə etmirik. Bu müharibəyə başlamaq qərarını o verib. Müharibəni sabah bitirə biləcək şəxs də odur, lakin bunu etmək istəmir. Buna görə də biz Ukraynanın və Prezident Zelenskinin yanındayıq”, – deyə Stritinq bildirib.
Tramp şənbə günü Ukraynanın sülh sazişinə nail ola biləcək yeni liderə ehtiyacı olduğunu söyləyib. O, Zelenskini müharibəni başa çatdıra bilməməkdə ittiham edib, həmçinin Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumlarının ABŞ-da dizel yanacağının qiymətinin artmasına səbəb olduğunu iddia edib.
Zelenski isə Rusiyadan dizel yanacağının alınması ilə bağlı razılaşmanı Putinə verilən hədiyyə adlandırıb. O xəbərdarlıq edib ki, Rusiyanın enerji gəlirlərinin artması Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsinə kömək edəcək.
Trampın mövqeyinə ABŞ-da artan yanacaq qiymətləri ilə bağlı daxili siyasi təzyiqlərin də təsir göstərdiyi bildirilir. İranla müharibənin qlobal enerji bazarında qiymətləri yüksəltməsi, noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində ABŞ administrasiyasının iqtisadi vəziyyətlə bağlı tənqidlərini artırıb.
Yanacağın bahalaşması xüsusilə Ayova, Kanzas, Texas və Ohayo kimi kənd təsərrüfatının mühüm yer tutduğu ştatlarda fermerlərə təsir göstərir. Bu ştatlarda dizel yanacağı kənd təsərrüfatı texnikasının işlədilməsi və məhsulların daşınması üçün vacibdir. Artan yaşayış xərcləri ənənəvi olaraq Respublikaçılara dəstək verən bölgələrdə Trampın partiyası üçün əlavə siyasi çətinliklər yarada bilər.
Stritinq “Sky News”a açıqlamasında qarşıdan gələn aralıq seçkilərin və yaşayış xərclərinin ABŞ administrasiyasına təzyiq yaratdığını qeyd edib. O, enerji qiymətlərinin aşağı salınması istəyinin siyasi reallıq olduğunu bildirib və Rusiyaya qarşı sanksiyaların daha sərt tətbiq edilməsinin arzuolunan olduğunu vurğulayıb.
Bununla yanaşı, britaniyalı nazir Vaşinqtonla münasibətlərdə daha geniş qarşıdurmadan yayınmağa çalışaraq Qərb ölkələri arasında birliyin qorunmasının vacibliyini qeyd edib.
Böyük Britaniyanın baş naziri Endi Börnham da şənbə günü Zelenski ilə telefon danışığı zamanı Ukraynaya tam dəstəyini bir daha təsdiqləyib. Baş nazirlikdən bildirilib ki, tərəflər yaxın günlərdə üzbəüz görüşmək barədə razılığa gəliblər.
Börnham Rusiyaya qarşı sanksiyaların sərtləşdiriləcəyini vəd edib. Hər iki lider enerji obyektlərinə hücumların dərhal dayandırılmasına çağırıb.
20:20 11.10.2026
Oxunuş sayı: 68