Polşada bir həftədə məktəblərdə üç bıçaqlı hücum baş verib
Polşanın paytaxtı Varşavada təhsil müəssisəsində baş verən bıçaqlı hücum nəticəsində üç nəfər yaralanıb. Hadisə ilə əlaqədar 21 yaşlı qadın saxlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Polşanın PAP dövlət xəbər agentliyi və “Associated Press” (AP) məlumat yayıb.
Polisin məlumatına görə, şübhəli şəxs təhsil müəssisəsində 17 yaşlı qıza “təhlükəli əşya” ilə hücum edib. Xəstəxanaya yerləşdirilən yeniyetmənin vəziyyətinin həyati təhlükə yaratmadığı bildirilir.
Polşanın dövlət xəbər agentliyinin məlumatına əsasən, sənədlərini təqdim etmək üçün təhsil müəssisəsinə gələn 17 və 24 yaşlı daha iki qadın da hücum zamanı xəsarət alıb.
Polis şübhəlinin həmin təhsil müəssisəsinin tələbəsi olduğunu bildirib. İlkin araşdırmalara görə, o, yaralanan üç qadını tanımayıb. Varşava polisi hadisənin həftənin əvvəlində baş verən iki bıçaqlı hücumla əlaqəli olub-olmadığını hələ təsdiqləməyib.
Son hadisə Polşada bir həftə ərzində məktəblərdə qeydə alınan üçüncü bıçaqlı hücumdur. Oktyabrın 7 və 8-də baş verən əvvəlki hücumlardan birində qadın məktəb işçisi öldürülüb.
Hadisələrdən sonra ölkə üzrə məktəblərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Polşa polisi təhsil müəssisələrində təhlükəsizlik tədbirləri çərçivəsində 76 nəfərin saxlanıldığını açıqlayıb.
14:52 11.10.2026
Oxunuş sayı: 51