Azərbaycan və Belarus üzgüçülüyün inkişafı üçün birgə çalışacaq
Azərbaycan və Belarusun üzgüçülük federasiyaları arasında idmanın bu növünün inkişafı və təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyası məlumat yayıb.
Bildirilib ki, sənəd iki ölkə arasında üzgüçülük sahəsində əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlığın inkişafı baxımından əhəmiyyət daşıyır.
Memoranduma əsasən, tərəflər üzgüçülüyün inkişafı və təbliği, idmançıların, məşqçilərin və hakimlərin peşəkarlıq səviyyəsinin artırılması, birgə təlim-məşq toplanışlarının və yarışların təşkili istiqamətlərində əməkdaşlıq edəcəklər.
Sənəd, həmçinin metodiki materialların və təcrübənin mübadiləsini, uşaqlar və gənclər arasında üzgüçülüyün təşviqini, eləcə də bu idman növünün daha geniş auditoriyaya çatdırılmasını nəzərdə tutur.
Əməkdaşlıq çərçivəsində idmançıların hazırlıq prosesinin təkmilləşdirilməsi, məşqçi və hakimlərin bilik və bacarıqlarının artırılması üçün birgə təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır.
Memorandumun iki ölkənin milli federasiyaları arasında əlaqələrin möhkəmlənməsinə və beynəlxalq idman əməkdaşlığının genişlənməsinə töhfə verəcəyi gözlənilir.
21:11 11.10.2026
Oxunuş sayı: 58