KASKO sığortası sürücünün təminatıdır, yoxsa ödənişdən yayınmaq üçün bəhanələr sistemi?
Azərbaycanda sığorta sektoruna münasibətdə sürücülərin ən çox narazılıq etdiyi məsələlərdən biri qəza baş verdikdən sonra ödənişin alınması prosesinin uzun, yorucu və mübahisəli olmasıdır. Sürücü avtomobilini sığortalayarkən ödədiyi məbləğ qarşılığında qəza zamanı maddi zərərdən qorunacağını gözləyir. Lakin bəzi hallarda müxtəlif səbəblərlə ödənişdən imtina edilməsi və prosesin uzadılması sürücülərdə ciddi narazılıq yaradır.
Mövzu ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev Crossmedia.az-a açıqlamasında bildirib ki, avtomobil sığortalanarkən onun təyinatı və istifadə məqsədi sığorta şirkətinə əvvəlcədən məlum olmalıdır:
“Bur dəfə belə bir hal yaşandı ki, avtomobil üçillik KASKO sığortasına cəlb edilərkən onun təlim avtomobili olması gizlədilməyib. Əksinə, avtomobilin texniki pasportunda xüsusi təyinatlı təlim avtomobili olması açıq şəkildə göstərilib. Sığorta şirkəti müqaviləni bağlayıb və sığorta haqqının ödənilməsini tələb edib. Belə olan halda qəza baş verdikdən sonra həmin avtomobilin “təlim avtomobili olması”nın ödənişdən imtina üçün əsas kimi irəli sürülməsi haqlı olaraq ciddi narazılıq yaradır. Əgər təlim avtomobilinə görə müəyyən risk sığorta təminatına daxil deyildisə, niyə müqavilə bağlanarkən bu məsələ müştəriyə açıq, konkret və birmənalı şəkildə izah edilməyib? Niyə sığorta haqqı qəbul edilib? Şirkət avtomobilin texniki sənədlərini müqavilədən əvvəl yoxlamalı və hansı riskləri sığortaladığını, hansıları isə sığortalamadığını müştəriyə aydın şəkildə bildirməli idi. Yeni mübahisə qəza zamanı avtomobilin toxunduğu maneə ilə bağlı olub. Yəni əvvəl əsas problem avtomobilin “təlim maşını olması” idisə, sonradan mübahisə “maneə həmin maneə deyil” istiqamətinə keçib. Belə vəziyyətdə xalq arasında işlədilən “ayının min oyunu var, bir armudun başında” ifadəsi yada düşür. Müştəridə belə təəssürat yaranmamalıdır ki, bir əsas aradan qalxan kimi ödəniş etməmək üçün növbəti əsas axtarılır”.

Ekspert vurğulayıb ki, sığorta hadisəsi zamanı prosesin operativ və şəffaf təşkili, eləcə də müştəriyə imtina səbəblərinin konkret hüquqi əsaslarla izah edilməsi vacibdir: “Qəza baş verdikdə sürücü onsuz da gərgin vəziyyətdə olur. Avtomobilə zərər dəyib, vaxt itkisi yaranıb, iş dayanıb və insan maddi problemlə üzləşib. Belə vəziyyətdə sığorta şirkətinin əsas funksiyası prosesi mümkün qədər operativ və rahat təşkil etmək olmalıdır. Lakin qaynar xəttə müraciətdən sonra qəza komissarının hadisə yerinə təxminən iki saat gec gəlməsi, telefon əlaqəsində yaranan problemlər və sonrakı prosedurlar müştərinin stressini daha da artırır. KASKO könüllü sığortadır və insan bu xidmət üçün kifayət qədər ciddi məbləğ ödəyir. Hadisənin səbəblərinin araşdırılması, əlbəttə, sığorta şirkətinin hüququdur. Şirkət dələduzluq risklərini də yoxlamalıdır. Lakin bunun forması müştəridə sanki istintaqda dindirilirmiş kimi təəssürat yaratmamalıdır. Sığorta müqaviləsinin mahiyyəti “ödəniş etməmək üçün səbəb tapmaq” deyil, müqavilədə nəzərdə tutulmuş risk baş verdikdə zərəri qarşılamaqdır. Sığorta yalnız müqavilə bağlanana və pul alınana qədər “xidmət” olmamalıdır. Əsl sığorta xidməti qəza baş verdiyi gün başlayır. Müştəri də sığorta şirkətinin münasibətini məhz həmin gün görür”.
Zərnigar Hüseynli
13:30 27.08.2026
Oxunuş sayı: 44