Aydın Rəcəbov: "Xalça bizim üçün adi məişət əşyası deyil, bir nömrəli sənətdir”
Muzey Mərkəzində görkəmli xalçaçı-rəssam, ornamentalist və tədqiqatçı Lətif Kərimovun anadan olmasının 120 illiyinə həsr olunmuş sərgi keçirilib.
Azərbaycanın Xalq rəssamı Aydın Rəcəbov Lətif Kərimovun 120 illik yubileyi münasibətilə açılan sərgidə Crossmedia.az-a danışarkən görkəmli xalçaçı-rəssam Lətif Kərimovun yaradıcılığını yüksək qiymətləndirib, ənənəvi xalça sənətinə müasir yanaşmaların əhəmiyyətini vurğulayıb.
Aydın Rəcəbov Lətif Kərimovun xalça sənətinə sevgisinin formalaşmasında mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, Lətif Kərimov xalça vasitəsilə insanlara yalnız sənəti deyil, həm də öz tarixlərini və musiqilərini tanıdıb: “Lətif Kərimov mənə xalçanı sevdirdi. O, xalçada mənə tariximi, musiqimi göstərdi. Mən rəssam olmaq istəmişəm və xalçaya sevgim də bu sənətlə bağlı düşüncələrimi daha da zənginləşdirib”.
Lətif Kərimovun 120 illiyinə həsr olunan sərgi haqqında danışan rəssam burada təqdim edilən əsərlərin və instalyasiyaların onda böyük təəssürat yaratdığını bildirib. O, ənənəvi xalça sənətinin müasir incəsənət yanaşmaları ilə təqdim edilməsini müsbət qiymətləndirib: “Sərgidə gördüklərim məni çox təəccübləndirdi. Xalçaların instalyasiya formasında təqdim olunması, onlara müasir yanaşma təqdirəlayiqdir. Rəssamın əsərə hansı ideyanı verməsi, onu necə təqdim etməsi əsasdır. Bu gün xalça sənətinə fərqli yanaşmaların olması sevindiricidir”.
Xalq rəssamı xalçanın sadəcə divardan asılan dekorativ əşya kimi qəbul edilməsinin düzgün olmadığını bildirib. Onun fikrincə, xalça Azərbaycan xalqının həyatının müxtəlif mərhələləri ilə bağlı olan, özündə dərin mənalar daşıyan sənət nümunəsidir: “Xalça bizim üçün adi məişət əşyası deyil. Onun insan həyatında xüsusi yeri var. Gəlin köçəndə, uşaq doğulanda, eləcə də həyatın başqa mühüm məqamlarında xalçanın öz yeri və mənası olub. Qonağı xalça ilə qarşılayıb, yola salanda da xalça hədiyyə ediblər. Buna görə xalça sənəti mənim üçün bir nömrəli sənətdir”.
Aydın Rəcəbov milli xalça sənətinin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini də diqqətə çatdırıb. O, gənc rəssamlar arasında istedadlı şəxslərin olduğunu, lakin bəzilərinin seçdikləri sənət yolunda ardıcıl davam etmədiklərini təəssüflə qeyd edib: “İstedadlı gənclər var, amma təəssüf ki, bəziləri bu yolu axıra qədər davam etdirmirlər. Xalça sənətini qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq lazımdır”.
Nigar Xəlilli
20:58 15.10.2026
Oxunuş sayı: 58