Aqrar Süni İntellekt istifadəyə verildi: Fermerlər yeni texnologiyaya HAZIRDIRMI?
Azərbaycanın aqrar sektorunda innovativ texnologiyaların tətbiqi və rəqəmsallaşma istiqamətində növbəti vacib addım atılıb. "Aqrar Süni İntellekt" layihəsi fermerlərə hava şəraiti, suvarma ehtiyacları, bitki xəstəlikləri və kənd təsərrüfatı işlərinin optimal vaxtı barədə operativ məlumatlar təqdim edən yeni funksionallıqlarını istifadəyə verib. Bildirilib ki, təsərrüfat sahibləri sistemin geniş imkanlarından həm veb-platforma, həm də birbaşa bildirişlər vasitəsilə yararlana bilirlər. Bu cür innovativ layihələr informasiya əlçatanlığını artırmağa hesablansa də, tətbiq olunan hər bir yeni sistemin səmərəliliyi onun yerlərdəki kəndli və fermerlər üçün nə dərəcədə praktiki və faydalı olmasından asılıdır. Mərkəzdən ötürülən texnoloji həllər yerlərdə düzgün mənimsənilmədikdə və fermerlərin texniki imkanları yetərsiz olduqda rəqəmsal layihələrin gözlənilən effekti verməsi çətinləşir. Digər tərəfdən, aqrar sektorda məhsuldarlığa təsir edən əsas amillərdən biri də xəstəlik və zərərvericilərə qarşı istifadə olunan kimyəvi preparatların keyfiyyət göstəriciləridir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, tətbiq olunan hər hansı sistemin səmərəliliyi onun nə qədər faydalı və əlçatan olmasından birbaşa asılıdır:

"Əgər bizim kəndlilərin, fermerlərin böyük əksəriyyəti — hardasa 90%-i bu sistemi mənimsəyəcək və istifadə edəcək səviyyədə deyillərsə, bu, birbaşa texniki imkanların yetərsizliyi ilə bağlıdır. Onlar mütləq maarifləndirilməli, bu sistemlərlə işləmək vərdişləri aşılanmalıdır. Əks halda mərkəzdən informasiyanı qəbul edib ötürsələr də, o biri tərəfdə regionlardakı insanların bundan xəbəri olmayacaq.
İkincisi, hazırda yerlərdə aqronomlar, sahə məsləhətçiləri fəaliyyət göstərir və onlar bitki xəstəliklərini vaxtlı-vaxtında müəyyən edə bilirlər. Fermerlərin informasiyanı mərkəzləşdirilmiş qaydada rəqəmsal yolla əldə etməyə texniki imkanı olmasa da, fərdi fəaliyyətlərində hansı xəstəliklərin və zərərvericilərin yayıldığı barədə kifayət qədər məlumatlıdırlar. Bütün bunlara görə də əsas məsələ xəstəliyi və ya zərərvericini müəyyən etmək deyil. Aqrar sektordakı əsas problem xəstəliklərə və zərərvericilərə qarşı mübarizədə istifadə olunan pestisidlərin keyfiyyətindədir. Keyfiyyətsiz dərmanlar məhsuldarlığa və fermerlərin çəkdiyi əziyyətə birbaşa mənfi təsir göstərir."
Zeynəb Həsən
Açar sözlər: Vahid Məhərrəmov, Surxay Novruzov, Aqrar Süni İntellekt, kənd təsərrüfatı, fermerlər, rəqəmsal sistemlər, pestisidlər, bitki xəstəlikləri, aqronom, maarifləndirmə
20:47 15.10.2026
Oxunuş sayı: 50