Rusiya Rostov vilayətində dron buraxılış bazası tikib
Rusiya Rostov vilayətində Ukraynaya qarşı reaktiv dronların buraxılış imkanlarını təxminən iki dəfə artırmağa hesablanmış böyük hərbi obyekt inşa edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi “Planet Labs” və “Airbus” şirkətlərinin peyk görüntülərinə istinadən məlumat yayıb.
Məlumata görə, təxminən 1 kvadratkilometr ərazini əhatə edən baza cəmi bir ay yarım ərzində tikilib. Obyekt “Geran-4” və “Geran-5” reaktiv pilotsuz uçuş aparatlarının kütləvi buraxılışı üçün nəzərdə tutulub.
Yeni baza “Millerovo” aviabazasından bir neçə kilometr aralıda yerləşir. Həmin aviabazada Rusiyanın 31-ci qırıcı aviasiya alayı dislokasiya olunub. Peyk görüntülərində artıq səkkiz buraxılış platformasının olduğu görünür.
“DroneSec” və Böyük Britaniyanın Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) ekspertlərinin qiymətləndirməsinə görə, yeni obyekt Rusiyanın sürətli reaktiv dronları buraxmaq imkanlarını təxminən iki dəfə artıra bilər. Bu tip aparatların Ukraynanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması daha çətin hesab olunur.
Ekspertlər həmçinin bazanın qısa müddətdə inşa edilməsini Rusiyanın dron istehsalı və buraxılış infrastrukturu yaratmaq imkanlarının sürətlə genişləndiyini göstərən amil kimi qiymətləndirirlər.
21:44 15.10.2026
Oxunuş sayı: 68