Zelenski Brüsseldə Rütte ilə hava hücumundan müdafiənin gücləndirilməsini müzakirə edib
Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun baş katibi Mark Rütte ilə görüşdə ölkəsinin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi və yeni hərbi yardım paketlərinin hazırlanmasını müzakirə edib.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib.
Ukrayna liderinin sözlərinə görə, Rusiya ABŞ prezidentinin zərbələrin intensivliyini azaltmaqla bağlı növbəti cəhdinə cavab olaraq Ukraynanın enerji obyektlərinə, yaşayış evlərinə və digər infrastruktura yeni hücumlar həyata keçirib.
Zelenski bildirib ki, son günlər Ukraynaya bir neçə dəfə ballistik raketlərlə zərbələr endirilib, hücum dronları isə demək olar ki, fasiləsiz ölkənin hava məkanında olub. Onun qeyd etdiyinə görə, ötən günün əvvəlindən paylaşım edilən vaxta qədər Rusiya Ukraynaya təxminən 1000 dron buraxıb.
Ukrayna Prezidenti “Starlink” sisteminin fəaliyyətindəki məhdudiyyətlərin də mövcud vəziyyəti çətinləşdirdiyini vurğulayıb. O, NATO tərəfdaşlarından silah tədarükünün davam etdirilməsinin, xüsusilə ballistik raketlərin qarşısını alan sistemlərin və F-16 qırıcıları üçün sursatların təmin edilməsinin vacibliyini qeyd edib.
Zelenski əlavə edib ki, Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün yeni yardım paketləri üzərində iş aparılır. O, tərəfdaşların operativ dəstəyinin insanların həyatının xilas edilməsində mühüm rol oynadığını bildirib.
19:57 15.10.2026
Oxunuş sayı: 56