Rusiyanın Buşehr Atom Elektrik Stansiyasında çalışan mütəxəssislərinin sayı 300-ə çatacaq
Rusiyanın İrandakı Buşehr Atom Elektrik Stansiyasında çalışan mütəxəssislərinin sayının gələcəkdə 300 nəfərə çatacağı gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov məlumat verib.
O bildirib ki, Buşehr Atom Elektrik Stansiyasının ikinci və üçüncü enerji bloklarının tikintisi davam edir. Layihədə çalışan rusiyalı mütəxəssislərin sayının isə gələcəkdə 300-ə çatdırılması nəzərdə tutulur.
Səfirin sözlərinə görə, Rusiyanın dəstəyi ilə inşa edilən stansiyanın birinci enerji bloku indiyədək 80 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib. Bununla yanaşı, 130 milyon barreldən çox neftə qənaət olunmasına imkan yaradıb.
Qeyd edək ki, İran və Rusiya arasında Buşehr Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı müqavilə 1995-ci ildə imzalanıb. Stansiya 2012-ci ildə tam gücü ilə fəaliyyətə başlayıb, 2013-cü ilin sentyabrında isə İrana təhvil verilib.
19:16 29.11.2026
Oxunuş sayı: 171