Türkiyədə kəndə PUA düşdü, 4 evin şüşələri sındı
Türkiyənin Rizə vilayətində pilotsuz uçuş aparatı (PUA) olduğu ehtimal edilən naməlum obyekt çay plantasiyasına düşüb. Güclü partlayış nəticəsində ətrafdakı dörd evin pəncərələrinin şüşələri sınıb.
Crossmedia.az xəbər verir ki, hadisə Rizənin Çayeli rayonunun Körpübaşı kəndində gecə saatlarında baş verib.
Güclü partlayış səsi kənd sakinləri arasında təşvişə səbəb olub. Hadisə ilə bağlı saat 01:33-də 112 Təcili Çağrı Mərkəzinə məlumat daxil olduqdan sonra əraziyə jandarma əməkdaşları cəlb edilib.
Əraziyə baxış zamanı obyektə aid qanad və gövdə hissələri aşkarlanıb. Onun düşdüyü çay plantasiyasında təxminən 70 kvadratmetr sahəni əhatə edən çuxur yaranıb.
İlkin məlumata görə, partlayışın təsirindən ətrafdakı dörd evin pəncərələrinin şüşələri qırılıb. Obyektin düşdüyü nöqtəyə ən yaxın evin təxminən 300 metr məsafədə yerləşdiyi bildirilir.
Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Jandarma əməkdaşları ərazidə geniş təhlükəsizlik tədbirləri görüblər.
14:02 29.11.2026
Oxunuş sayı: 43