Buzlu yollarda sürüşməmək üçün 3 sadə üsul
Qış aylarında buzlaşmanın qarşısını almaq üçün yollara və səkilərə səpilən duz beton örtüyə, ayaqqabılara, bitkilərə və ev heyvanlarının pəncələrinə zərər verə bilər.
Crossmedia.az xəbər verir ki, “Domacnost a zahrada” nəşri məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, yol duzu buzu tez əritsə də, onun yaratdığı duzlu su qarışığı daş örtüklərin zədələnməsinə, beton səthlərin aşınmasına və yaşıllıqların zərər görməsinə səbəb ola bilər.
Bundan başqa, duz ev heyvanlarının pəncələrində qıcıqlanma və çatlar yarada bilər.
Duzu nə ilə əvəz etmək olar?
Mütəxəssislər buzlu səkilərdə sürüşmə riskini azaltmaq üçün iri dənəli qum və xırda çınqıldan istifadə etməyi məsləhət görürlər.
Bu materiallar buzu əritməsə də, səthdə sürtünməni artıraraq insanların daha təhlükəsiz hərəkət etməsinə kömək edir.
Digər alternativ isə təmiz, işlənməmiş odunun yandırılmasından əldə olunan küldür. Kül buzlu səthlərdə sürüşməni azalda bilər. Lakin onun qələvi xüsusiyyəti olduğundan turş mühiti sevən bitkilərin, xüsusilə qaragilə kollarının yaxınlığında istifadəsi tövsiyə edilmir.
Yonqar da kömək edə bilər
Qum və kül olmadıqda iri, quru ağac yonqarından da istifadə etmək mümkündür. Yonqar nəmliyi müəyyən qədər hopdurur və səthin daha kələ-kötür olmasına kömək edir.
Bununla belə, bu materiallar buzu əritmir və güclü buzlaşma zamanı tam təhlükəsizlik təmin etmir.
Nəşr pişik tualeti üçün nəzərdə tutulan dolduruculardan istifadəni məsləhət görmür. Çünki bəzi doldurucular islandıqda yumşalaraq palçığa çevrilir.
Ev heyvanlarını necə qorumaq olar?
Mütəxəssislər duz səpilmiş səkilərdə gəzdirilən itlərin pəncələrinin qorunmasına da diqqət yetirməyi tövsiyə edirlər.
Gəzintidən əvvəl pəncələrə nazik qat qoruyucu balzam və ya vazelin çəkmək, qayıtdıqdan sonra isə pəncələri ilıq su ilə yumaq məsləhət görülür.
Qeyd olunur ki, buzlaşma ilə mübarizədə istifadə olunan materiallar seçilərkən həm insanların təhlükəsizliyi, həm də yol örtüyünə və ətraf mühitə mümkün təsirlər nəzərə alınmalıdır.
00:01 29.11.2026
Oxunuş sayı: 34