Ədən körfəzində ələ keçirilən gəmi ilə bağlı yeni məlumat yayılıb
Yəmən sahillərində Ədən körfəzində silahlı şəxslər tərəfindən ələ keçirilən yük gəmisi ilə bağlı yeni məlumat açıqlanıb. Gəmini ələ keçirən şəxslər onu tərk edib, ekipaj üzvlərinin təhlükəsizliyi təmin olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzinə məlumat yayıb.
Məlumata görə, hadisə noyabrın 28-də Moskva vaxtı ilə saat 09:30-da Yəmənin Balhaf şəhərindən 64 dəniz mili cənub-qərbdə baş verib.
UKMTO-nun açıqlamasında bildirilir ki, naməlum şəxslər gəmini tərk edib, ekipaj üzvləri təhlükəsiz vəziyyətdədir. Gəmi isə növbəti təyinat limanına doğru hərəkətini davam etdirir.
Hadisəni törədən şəxslərin kimliyi və gəmini hansı məqsədlə ələ keçirdikləri hələlik müəyyən edilməyib. Böyük Britaniya Hərbi Dəniz Qüvvələri bölgədən keçən gəmilərə ehtiyatlı olmağı və şübhəli fəaliyyətlər barədə məlumat verməyi tövsiyə edib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında üç neft tankerinin minalara düşərək partladığını və alışdığını iddia etmişdi. Həmçinin daha əvvəl 23 dənizçinin olduğu İran gəmisinin dəniz quldurları tərəfindən ələ keçirildiyi bildirilmişdi.
20:07 28.11.2026
Oxunuş sayı: 31