Rusiyada məmurlar və hərbçilər arasında genişmiqyaslı təmizləmə başlayıb
Rusiyada yüksəkvəzifəli məmurlara və hərbi rəhbərliyə qarşı cinayət təqibləri genişlənir. Analitiklər bu prosesin Kremlin müharibədəki uğursuzluqlara görə məsul şəxsləri cəzalandırmaq və hakimiyyət daxilində nəzarəti gücləndirmək cəhdi ola biləcəyini düşünürlər.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun hesabatı məlumat yayıb.
ISW analitiklərinin diqqətini son günlər Rusiyanın bir neçə regionunda yüksəkvəzifəli şəxslərə qarşı yeni cinayət ittihamlarının irəli sürülməsi və əvvəllər başlanmış işlərin aktivləşdirilməsi cəlb edib.
Belə ki, noyabrın 26-da korrupsiya ittihamlarından sonra Krasnodar diyarının qubernatorunun birinci müavini İqor Qalas və ailəsinə məxsus 970 milyon rubldan çox (təxminən 11,9 milyon dollar) dəyərində əmlak müsadirə edilib. Qalas və adı açıqlanmayan daha 13 nəfər mülki iş üzrə cavabdeh qismində göstərilib.
Bundan əvvəl, noyabrın 24-də Murmansk vilayətinin qubernatoru Andrey Çibis həbs edilib. Noyabrın 27-də isə Tambov vilayətinin keçmiş qubernatoru Maksim Yeqorov korrupsiya ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. O, 2024-cü ilin noyabrında vəzifəsindən qəfil istefa verib, 2025-ci ilin iyulunda həbs olunub.
"ISW" hesab edir ki, Kreml qarşıya qoyulan vəzifələri yerinə yetirə bilməyən yüksəkvəzifəli şəxsləri cəzalandırmaqla digər dövlət qurumlarına da mesaj göndərməyə çalışır. Analitiklərin fikrincə, hakimiyyət son uğursuzluqlara görə məsuliyyəti ayrı-ayrı məmurların üzərinə qoyaraq özünü tənqiddən qorumaq niyyətində də ola bilər.
Hesabatda Andrey Çibisin Rusiyanın Arktika layihələrindəki gecikmələrə, İqor Qalasın isə Krasnodar diyarında hava hücumundan müdafiə sistemlərinin fəaliyyətindəki problemlərə, yanacaq çatışmazlığına və iqtisadi çətinliklərə görə məsul şəxs kimi təqdim edilə biləcəyi ehtimal olunur.
Hərbi rəhbərlikdə də həbslər
Rusiyada hərbi rəhbərlikdə baş verən həbslər də analitiklərin diqqətindən yayınmayıb. ISW Rusiya Aerokosmik Qüvvələri baş komandanının silahlanma üzrə müavini, polkovnik Yuri Qrexovun həbsini də bu prosesin tərkib hissəsi kimi qiymətləndirir.
Qrexov böyük məbləğdə rüşvət almaqda ittiham olunur. Analitiklər onun barəsindəki təqibin Rusiyanın hava hücumundan müdafiə sistemlərinin uğursuzluğu, xüsusilə Kerç körpüsünün qorunması ilə bağlı problemlərlə əlaqəli ola biləcəyini bildirirlər.
Rusiya Aerokosmik Qüvvələri ilə əlaqəli hərbi bloqerlərdən biri Ukraynanın son zərbələri nəticəsində Kerç körpüsünün avtomobil yolunun bir hissəsinin dağıdılmasını hakimiyyət üçün son hədd kimi qiymətləndirib. Onun fikrincə, hərbi rəhbərlik artıq hava hücumundan müdafiə sistemlərinin uğursuzluqlarına dair əvvəlki izahları qəbul etmək istəmir.
"ISW" hesab edir ki, Qrexovun həbsi Rusiyada etimadını itirmiş və ya korrupsiya işlərində adı hallanan hərbi komandirlərin vəzifədən uzaqlaşdırılması tendensiyasına uyğundur.
Analitiklərin qənaətinə görə, Rusiyada məmurlara və hərbçilərə qarşı təqiblər daha geniş strategiyanın tərkib hissəsi ola bilər. Bu strategiya uğursuzluqlara görə məsul şəxslərin müəyyənləşdirilməsini, hakimiyyət şaqulisində nəzarətin möhkəmləndirilməsini və digər vəzifəli şəxslərin daha sərt şəkildə fəaliyyət göstərməyə təşviq edilməsini nəzərdə tutur.
19:40 28.11.2026
Oxunuş sayı: 46