Azərbaycan-Estoniya münasibətlərində yeni mərhələ: Əməkdaşlıq imkanları genişlənir
Son dövrlərdə Baltikyanı ölkələrin, xüsusilə Estoniyanın Azərbaycanla münasibətlərin genişləndirilməsinə marağı nəzərəçarpacaq dərəcədə artıb. Diplomatik təmasların intensivləşməsi, iqtisadi əməkdaşlıq imkanlarının müzakirəsi və Estoniyanın Azərbaycanda səfirliyinin açılması ikitərəfli əlaqələrdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu yaxınlaşma təkcə iqtisadi maraqlarla deyil, həm də Avropada dəyişən geosiyasi reallıqlar və regional təhlükəsizlik məsələləri ilə bağlıdır.
Maraqlıdır, Azərbaycan-Baltikyanı ölkələr münasibətlərində müşahidə olunan bu fəallığın arxasında hansı siyasi və iqtisadi maraqlar dayanır? Estoniya ilə əməkdaşlığın genişlənməsi Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Azad Vətən Partiyasının sədri Akif Nağı qeyd edib ki, son dövrlərdə Baltikyanı ölkələrin Azərbaycana marağının artdığını müşahidə edirik: “Hesab edirəm ki, bu, Azərbaycan ilə Baltikyanı respublikalar arasında münasibətlərdə yeni mərhələnin başlanğıcıdır. Əvvəllər də müstəqilliyimizin ilk illərindən etibarən bu ölkələrlə əlaqələrimiz mövcud olub. Lakin hazırda Baltikyanı respublikaların Azərbaycanla əməkdaşlığa xüsusi maraq göstərməsi diqqət çəkir. Təbii ki, bu yaxınlaşmanın arxasında həm siyasi, həm də iqtisadi maraqlar dayanır. Estoniya Baltikyanı regionda yerləşən, təxminən 45 min kvadratkilometr ərazisi və 1,5 milyon əhalisi olan kiçik dövlətdir. Buna baxmayaraq, iqtisadi baxımdan kifayət qədər inkişaf edib. Keçmiş SSRİ məkanında adambaşına düşən iqtisadi göstəricilərinə görə ön sıralarda qərarlaşır və yüksək həyat səviyyəsi ilə seçilir. Estoniyanın inkişaf modeli beynəlxalq qurumlar tərəfindən də müsbət qiymətləndirilir. Eyni zamanda, digər Baltikyanı respublikalar kimi, Estoniya da həm NATO-nun, həm də Avropa İttifaqının üzvüdür. Bu amil Azərbaycan üçün xüsusi maraq doğurmalıdır. Ona görə də Estoniya ilə münasibətlərə yalnız ikitərəfli əməkdaşlıq kontekstində deyil, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələri baxımından yanaşmaq lazımdır. Uzun müddət Avropa İttifaqının Azərbaycana münasibətində müəyyən mənfi tendensiyalar müşahidə olunub. Xüsusilə Avropa Parlamentinin Azərbaycana qarşı sərt mövqeyi diqqət çəkib və bu yanaşma hələ də davam edir. Bununla belə, son dövrlərdə Avropa İttifaqının ayrı-ayrı qurumları səviyyəsində Azərbaycanla münasibətlərdə müsbət meyillər hiss olunur”.
Akif Nağı bildirib ki, Estoniya ilə əməkdaşlığımızın əsas istiqamətlərindən biri iqtisadi sahədir: “Bu ölkə Azərbaycandan əsasən enerji daşıyıcıları və yanacaq məhsulları alır, eyni zamanda Azərbaycana müxtəlif texnoloji məhsullar ixrac edir. Hesab edirəm ki, hazırkı yaxınlaşma gələcəkdə münasibətlərin strateji əməkdaşlıq səviyyəsinə yüksəlməsi üçün zəmin yarada bilər. Məsələnin digər tərəfi isə bütövlükdə regionda, xüsusilə Baltikyanı ölkələrdə və keçmiş SSRİ məkanında mövcud olan geosiyasi gərginliklə bağlıdır. Rusiyanın Baltikyanı ölkələrə münasibətdə təzyiqləri getdikcə artır. Moskvanın NATO-nun Baltikyanı ölkələrdəki hərbi mövcudluğuna və bazalarına dair mövqeyi, həmin ərazilərdən NATO qüvvələrinin çıxarılması ilə bağlı tələbləri regionda gərginliyi artıran amillərdəndir. Bununla yanaşı, Rusiyanın Kalininqradla bağlı problemi də mövcuddur. Kalininqradla quru əlaqələrinin əsasən Baltikyanı ölkələr, xüsusilə Litva üzərindən həyata keçirilməsi Moskva ilə həmin dövlətlər arasında əlavə gərginlik yaradır. Estoniyanın Rusiya ilə münasibətlərində isə demoqrafik amil xüsusi yer tutur. Tarixən Rusiyanın həyata keçirdiyi siyasət nəticəsində Estoniyada kifayət qədər böyük rusdilli əhali formalaşıb. Moskva bu amildən Estoniyaya təsir vasitəsi kimi istifadə etməyə çalışır. Estoniya isə dil və vətəndaşlıq siyasəti çərçivəsində bu məsələləri tənzimləməyə, rusdilli əhalinin ölkənin daxili siyasi proseslərinə təsir imkanlarını məhdudlaşdırmağa çalışıb. Müəyyən nəticələr əldə olunsa da, problem hələ də aktual olaraq qalır. Belə mürəkkəb geosiyasi şəraitdə Estoniya üçün Cənubi Qafqazın aparıcı dövlətlərindən biri olan Azərbaycanla münasibətləri inkişaf etdirmək xüsusi əhəmiyyət daşıyır. Rəsmi Tallin Bakı ilə əlaqələri genişləndirməklə regionda siyasi və iqtisadi əməkdaşlıq imkanlarını artırmaq, eyni zamanda müəyyən məsələlərdə Azərbaycanın dəstəyini qazanmaqda maraqlı ola bilər. Azərbaycan da NATO və Avropa İttifaqının üzvü olan Estoniya ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Çünki bu əlaqələr eyni zamanda Avropa İttifaqı ilə münasibətlərin inkişafına da töhfə verə bilər. Xüsusilə qeyd etmək lazımdır ki, Estoniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub və diplomatik münasibətlərimiz də erkən dövrdə qurulub. Lakin uzun müddət Estoniyanın Azərbaycanda ayrıca səfirliyi fəaliyyət göstərməyib. Ölkəmizdə diplomatik təmsilçilik Estoniyanın Türkiyədəki səfirliyi vasitəsilə həyata keçirilib. Bir neçə gün əvvəl Estoniyanın Azərbaycanda səfirliyinin açılması isə ikitərəfli münasibətlərin inkişafında mühüm hadisədir. Hesab edirəm ki, bu istiqamətdə əməkdaşlıq bundan sonra da genişlənəcək. Mövcud siyasi və iqtisadi maraqlar, eləcə də qarşılıqlı əməkdaşlıq potensialı Azərbaycan-Estoniya münasibətlərinin yüksələn xətlə inkişaf etməsi üçün əlverişli zəmin yaradır. Hər iki tərəf bu əməkdaşlıqdan qarşılıqlı fayda əldə etməkdə maraqlıdır”.
Ayhan
19:30 28.11.2026
Oxunuş sayı: 39