Etirazlar Fransada yeni qadağaya səbəb olub
Fransa hakimiyyəti ölkədə davam edən etirazlar və ictimai asayişin pozulması riskləri səbəbindən pirotexniki vasitələrin satışına və istifadəsinə qoyulan qadağanı dekabrın 12-dək uzadıb.
Crossmedia.az xəbər verir ki, "Gazeta.ru" bu barədə müvafiq hökumət qərarına istinadən məlumat yayıb.
Qərara əsasən, pirotexniki məmulatların satışı və istifadəsi Fransanın materik ərazisində dekabrın 12-si də daxil olmaqla qadağan edilir. Məhdudiyyət davam edən etirazlar, təhsil müəssisələrinin yaxınlığındakı blokadalar və nümayişlər zamanı ictimai təhlükəsizliyin qorunması məqsədi daşıyır.
Sənəddə bildirilir ki, qadağa pirotexniki vasitələrdən və əyləncə məqsədli atəşfəşanlıq qurğularından istifadə ilə bağlı ciddi ictimai asayiş pozuntularının qarşısını almağa yönəlib.
Bununla belə, müvafiq icazə və səlahiyyətlərə malik mütəxəssislər, eləcə də dövlət qurumları üçün istisnalar nəzərdə tutulub. Qərar dərhal qüvvəyə minib.
Qeyd edək ki, bundan əvvəl Fransa hakimiyyəti polis tərəfindən EF-SON tipli səs-küylü və işıq effektli qumbaraatanların əməliyyat məqsədilə istifadəsini də qadağan edib. Oktyabr ayında isə məktəbli etirazları zamanı bu vasitələrin tətbiqinə məhdudiyyət qoyulmuşdu. Buna səbəb polis qumbarası nəticəsində bir yeniyetmənin əlindən ağır xəsarət alması olub.
Daha əvvəl Parisdə polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etmişdi.
20:31 28.11.2026
Oxunuş sayı: 40