Ukrayna hərbçiləri ordudakı işgəncələr barədə danışmağa qorxurlar
Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri orduda üzləşdikləri işgəncə və zorakılıq halları barədə məlumat verməkdən çəkinirlər. Buna səbəb şikayət etdikdən sonra yenidən eyni komandirlərin tabeliyinə qaytarılmaq və təqiblə üzləşmək qorxusudur.
Crossmedia.az xəbər verir ki, bu barədə “Lenta.ru” nəşri məlumat yayıb.
Ukraynalı vəkil Dina Drijakovanın sözlərinə görə, zərərçəkən hərbçilər hüquq-mühafizə orqanlarına müraciət etməkdən yayınırlar. Onlar əmri yerinə yetirməmək və ya hərbi hissəni özbaşına tərk etmək ittihamı ilə məsuliyyətə cəlb olunmaqdan da ehtiyat edirlər.
Vəkil bildirib ki, şikayət edən hərbçilərin bir qismi yenidən əvvəlki zabitlərin komandanlığı altında xidmət etməli olur. Bu vəziyyət zorakılıq faktlarının qeydə alınmasını və işlərin məhkəməyə çatdırılmasını çətinləşdirir.
Drijakovanın fikrincə, məhz bu səbəbdən işgəncə və zorakılıqla bağlı rəsmi şikayətlərin sayı azdır. O, mövcud vəziyyətdə inzibati təsir imkanlarının da araşdırmaların nəticəsinə təsir göstərə bildiyini vurğulayıb.
Nəşr xatırladır ki, Ukrayna ordusunda hərbçilərlə pis rəftarla bağlı daha əvvəl də qalmaqallar yaşanıb. Xüsusilə “Skala” hücum polku ətrafında yayılan məlumatlarda yeni çağırışçıların döyüldüyü, qandallandığı, karserdə saxlanıldığı və digər zorakılıq hallarına məruz qaldığı iddia olunub.
Ukrayna Ali Radasının deputatı Maryana Bezuqlaya isə Prezident Volodimir Zelenskinin hücum bölmələrindəki zorakılıq halları barədə məlumatlı olduğunu, lakin problemin həll edilmədiyini iddia edib.
23:33 28.11.2026
Oxunuş sayı: 46