1 824 müəllim sertifikasiya imtahanına çağırılır – İşdən çıxarılma riski varmı?
Müəllimlərin peşəkar bilik və bacarıqlarının qiymətləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi və təhsil sistemində müasir yanaşmaların tətbiqi məqsədilə sertifikatlaşdırma prosesi həyata keçirilir. Bu proses yalnız ümumi təhsil müəssisələrini deyil, incəsənət təhsili sahəsində çalışan pedaqoqları da əhatə edir. Dekabrın 5-6-da Bakıda Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət təhsili müəssisələrinin təhsilverənləri üçün sertifikatlaşdırma üzrə test imtahanı keçiriləcək. İmtahanda dörd regional mədəniyyət idarəsinin tabeliyindəki müəssisələrdən 1 824 təhsilverənin iştirakı nəzərdə tutulur. Bəs bu imtahan incəsənət təhsilinin keyfiyyətinə necə təsir göstərəcək və sertifikatlaşdırma prosesi müəllimlərin peşəkar inkişafına hansı imkanları yaradacaq?

Təhsil eksperti Elçin Əfəndi Crossmedia.az-a açıqlamasında bildirib ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət təhsili müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması bu vaxta qədər həmin istiqamətdə çalışan müəllimlərin ümumi bilik və bacarıqlarının yoxlanılması, mövcud təhsil proqramına, təhsil kurikulumuna və fənn kurikulumuna uyğunluğunun müəyyən edilməsi məqsədindən və zərurətindən irəli gəlir:
"Bizim yanaşmamız ondan ibarətdir ki, hazırda pedaqoji fəaliyyət göstərən şəxslərin ümumi müasir dövrün, o cümlədən fənn kurikulumunun ixtisasla bağlı bilik və bacarıqları yüksək olmalı, eyni zamanda, müasir dövrün çağırışlarına da cavab verməlidir. Təbii ki, sertifikatlaşdırma prosesi də məhz bu zərurətdən irəli gələrək həyata keçirilir.
Yalnız yüksək nəticə göstərən şəxslər prosesdə saxlanılır, digərləri isə təbii ki, prosesdən uzaqlaşdırılır. Bu da ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Sertifikatlaşdırma imtahanında bilik və bacarıqları qiymətləndirilərkən daha zəif nəticə göstərən müəllimlərə Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq olaraq bir il möhlət verilir və növbəti il onların bilik və bacarıqları yenidən yoxlanılır. Düşünürəm ki, Mədəniyyət Nazirliyi də ən azı belə bir yanaşma sərgiləyə bilər. Onlara bir il möhlət verilə, bir ildən sonra təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərin əmək müqaviləsinə birbaşa xitam verilə bilər. Düşünürəm ki, bu yanaşma da özlüyündə ədalətli hesab oluna bilər.
Eyni zamanda, imtahan nəticələri əsasında müəllimlərin peşə fəaliyyəti ilə bağlı müəyyən çatışmazlıqları varsa, həmin çatışmazlıqların aradan qaldırılması və inkişaf etdirilməsi məqsədilə müxtəlif təlimlər və treninqlər təşkil edilə, onların özlərini inkişaf etdirmələri üçün müvafiq dəstək göstərilə bilər. Aidiyyəti qurum müvafiq nəzarət mexanizmi və təlim strategiyası müəyyənləşdirərək bu addımı təhsil verən şəxslərin inkişafı naminə ata bilər.
Bu da, təbii ki, öz növbəsində incəsənət təhsili müəssisələrinin qarşıdakı dövrdə daha yüksək nəticələr əldə etməsinə və akademik göstəricilərinin yüksəlməsinə xidmət edər".
Məhəbbət Tərlanoğlu
20:50 28.11.2026
Oxunuş sayı: 49