Britaniyada 80 yaşdan yuxarı işləyənlərin sayı 15 faiz artıb
Böyük Britaniyada 80 yaşdan yuxarı işləməyə davam edən insanların sayı son dörd ildə 15 faiz artaraq 61,7 min nəfərə çatıb. Bu tendensiyanın əsas səbəbləri arasında yaşayış xərclərinin yüksəlməsi və pensiya yığımlarının kifayət etməməsi göstərilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.
Böyük Britaniyanın Vergi və Gömrük Xidmətinin (HMRC) məlumatına görə, 2025–2026-cı illərdə 80 yaşdan yuxarı işləyənlərin sayı 61,7 min nəfər təşkil edib. Eyni dövrdə 70 yaşdan sonra əmək fəaliyyətini davam etdirən britaniyalıların sayı da 12 faiz artaraq təxminən 473 min nəfərə yüksəlib.
Ekspertlər bu artımı insanların ömür uzunluğunun artması, yaşayış xərclərinin bahalaşması və pensiya yığımlarının yetərsiz olması ilə əlaqələndirirlər.
“Lubbock Fine Wealth Management” şirkətinin maliyyə məsləhətçisi Nikolas Klark bildirib ki, pensiyaya çıxmaq artıq yalnız müəyyən yaş həddinə çatmaqla bağlı deyil. Onun sözlərinə görə, bir çox insan işləməyə öz istəyindən deyil, maddi zərurətdən görə davam edir.
Pensiya məsələləri üzrə keçmiş nazir, hazırda LCP konsaltinq şirkətinin tərəfdaşı olan Stiv Uebb isə qeyd edib ki, bəzi yaşlı insanlar üçün işləmək həmkarlarla əlaqəni qorumaq və həyat məqsədini hiss etmək baxımından da əhəmiyyətlidir.
Bununla yanaşı, o vurğulayıb ki, ölkədə bir çox pensiyaçının layiqli həyat sürmək üçün kifayət qədər yığımı yoxdur. Bu da onların dövlət və özəl pensiya gəlirlərini əməkhaqqı hesabına tamamlamağa məcbur qalmasına səbəb olur.
22:00 28.11.2026
Oxunuş sayı: 46