Nənələrinin dəfnində şübhələndilər, günlər sonra dəhşətli həqiqət üzə çıxıb
ABŞ-də dəfn mərasimi zamanı iki qadının meyitinin qarışdırıldığı iddia olunur. Bir ailə tabutdakı şəxsin öz nənələri olmadığını düşünsə də, dəfn evinin əməkdaşlarının israrından sonra mərasimi başa çatdırıb. Bir neçə gün sonra isə başqa bir ailəyə yaxınlarının meyitinin itkin düşdüyü bildirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin “SonDakika.com” nəşri məlumat yayıb.
Hadisə ABŞ-nin Luiziana ştatının Şreveport şəhərində baş verib. Məlumata görə, 83 yaşlı Qloriya İnqliş noyabrın 12-də dəfn edilib. Mərasimdə iştirak edən ailə üzvləri tabutdakı qadının üz cizgilərinin nənələrinə bənzəmədiyini görüblər.
Onlar şübhələrini dəfn şirkətinin əməkdaşlarına bildirsələr də, meyitin məhz Qloriya İnqlişə aid olduğu deyilib. Ailə makiyaj və balzamlaşdırma prosedurlarının mərhumun görünüşünü dəyişdirmiş ola biləcəyini düşünərək mərasimi davam etdirib. Daha sonra meyit kremasiya üçün göndərilib.
Sonradan məlum olub ki, noyabrın 8-də xərçəng xəstəliyindən vəfat edən 78 yaşlı Cin Mimsin ailəsi də həmin dəfn şirkətinin xidmətlərindən istifadə edib. Şirkət əməkdaşları noyabrın 21-də keçirilməsi planlaşdırılan mərasimdən əvvəl ailəyə müraciət edərək Mimsin meyitini tapa bilmədiklərini, onun səhvən kremasiya edilmiş ola biləcəyini bildiriblər.
Bundan sonra İnqliş ailəsi dəfn mərasimində çəkilmiş fotoları yayıb. Cin Mimsin bacısı Mari Kuper-Conson fotodakı qadının üz cizgilərinin və əllərinin bacısına bənzədiyini bildirib. O, bacısının sağlığında kremasiyaya qəti şəkildə qarşı olduğunu da vurğulayıb.
Rayon məhkəmə-tibbi ekspertizası rəsmisi Todd Toma Mimsin meyitinin kremasiyası üçün heç bir rəsmi müraciətin edilmədiyini və icazənin verilmədiyini açıqlayıb.
Luiziana ştatında dəfn xidmətlərinə nəzarət edən qurum hər iki ailənin şikayətindən sonra şirkətlə bağlı araşdırmaya başlayıb. Şirkət noyabrın 25-də ailələrdən üzr istəyərək hadisənin bütün təfərrüatlarının araşdırıldığını bildirib.
Hazırda iki qadının meyitinin qarışdırılıb-qarışdırılmadığı və Qloriya İnqlişin meyitinin harada olduğu hələ dəqiqləşdirilməyib.
23:55 28.11.2026
Oxunuş sayı: 57