Qızıl balıqlar Bax və Stravinskini tanıyırmış
Alimlər müəyyən ediblər ki, qızıl balıqlar Bax və Stravinskinin musiqi əsərlərini bir-birindən fərqləndirə bilir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Science et Vie" nəşri məlumat yayıb.
2013-cü ildə Keio Universitetinin alimləri qızıl balıqlar üzərində maraqlı eksperiment aparıblar. Tədqiqatda İohann Sebastyan Baxın “Re minor Tokkata və Fuqa” və İqor Stravinskinin “Müqəddəs bahar” əsərlərindən istifadə olunub.
Balıqlara müəyyən musiqi səslənərkən suda asılmış muncuğa toxunduqları halda yem verilib. Onlar digər musiqi parçası zamanı isə bu hərəkətdən çəkinməli olublar. Nəticədə balıqlar hər iki musiqi əsərini fərqləndirməyi öyrəniblər.
Araşdırma zamanı həmçinin məlum olub ki, qızıl balıqlar bu bəstəkarlardan heç birinə üstünlük vermir. Onlar musiqiyə səssizlikdən daha çox maraq göstərməsələr də, səs-küy yayılan zonalardan uzaq durmağa çalışıblar.
Alimlərin qənaətinə görə, balıqlar musiqini zövq mənbəyi kimi deyil, qida tapmaq üçün siqnal kimi qəbul edirlər.
02:01 29.11.2026
Oxunuş sayı: 144